Strateji Yol Xəritəsinin icrası turizm təhsilinin inkişafına təkan verəcək

Strateji Yol Xəritəsinin icrası turizm təhsilinin inkişafına təkan verəcək “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə turizm sektoru üzrə yüksəkixtisaslı idarəçilərin hazırlanması və bu sahədə turizm biznesinin idarə edilməsi üzrə magistr proqramının (MBA proqramı) yaradılması, turizm-rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində turizm peşə məktəbləri şəbəkəsinin qurulması nəzərdə tutulur.
E.Aslanov diqqətə çatdırıb ki, bu gün Azərbaycanda bilavasitə turizm sənayesində çalışanların sayı təxminən 42 min nəfərdən çoxdur. Onlardan təxminən 10 faizini turizm sahəsi üzrə təhsilli mütəxəssislər ordusu təşkil edir. Beynəlxalq təcrübəyə uyğun olaraq turizm sektorunda işləyən və başqa ixtisas sahibi olan şəxslər üçün MBA proqramının təşkili proqramı ilk illərdə ATMU-da, daha sonra isə müvafiq bilinən digər ali təhsil müəssisələrində də təşkili nəzərdə tutulur. Bu məqsədlə ilk növbədə dünyanın turizm üzrə ən yaxşı MBA proqramlarını təqdim edən ali məktəblərlə tərəfdaşlıq qurulacaq. Elə bu səbəbdən ATMU ilə 10 ildən bəri əməkdaşlıq edən Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında ilkin danışıqlara başlanılıb.
Vurğulanıb ki, turizm təhsilinin gücləndirilməsi ilə yanaşı, bu sahədə elmi-tədqiqat işlərinin aparılmasına dəstək məqsədilə bir sıra tədbirlərin görülməsi planlaşdırılır. ATMU ölkəmizdə ilk ali təhsil ocaqlarındandır ki, onun nəzdində Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyət göstərir. Mərkəz 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının əməkdaşlığı çərçivəsində yaradılıb. Mərkəz tərəfindən indiyədək 30-a yaxın müxtəlif, yerli və xarici təşkilatların sifarişləri əsasında turizm sahəsini ehtiva edən tədqiqat işləri aparılıb. Strateji Yol Xəritəsində də göstərildiyi kimi, ölkəmizin müxtəlif turizm növləri, turizm rekreasiya zonalarının baş planlarının hazırlanması, yeni turizm klasterlərinin yaradılması üzrə tədqiqat işlərinin icrası bir vəzifə olaraq qarşımızda durur.
E.Aslanov qeyd edib ki, sənəddə əks olunan əsas istiqamətlərdən biri də ölkəmizin turizm rekreasiya zonalarında ATMU-nun nəzdində fəaliyyət göstərəcək turizm peşə məktəblərinin yaradılmasıdır. Bu məsələlər, həmçinin Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında əksini tapıb. Yaxın bir neçə ildə ölkəmizin turizm potensialının yüksək olduğu bölgələrimizdə beş regional turizm peşə məktəbi yaradılacaq. Peşə məktəblərinin müasir dövrün tələblərinə uyğun olaraq, dövlət və özəl sektorla tərəfdaşlığı (DOST modeli) çərçivəsində qurulması və fəaliyyət göstərməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, artıq Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən “Zirvə” otelinin bazasında turizm peşə məktəbinin təşkili ilə bağlı işlərə başlanılıb. ATMU-nun nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinə ilk şagird qəbulu növbəti, 2017/2018-ci tədris ilində dual sistem əsasında aparılması nəzərdə tutulub. Bu məktəbin ilk mərhələdə pilot olması nəzərdə tutulur. Bu məktəbin təcrübəsi əsasında növbəti mərhələdə ölkənin turizm potensialının daha yüksək olduğu digər bölgələrində regional turizm peşə məktəblərinin yaradılması nəzərdən keçiriləcək. Bunun nəticəsində Azərbaycanda ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili məktəblərində turizm və hotelçiliklə bağlı ixtisaslar üzrə praktik səriştələrin aşılanması üçün mövcud maddi-texniki baza beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilmiş olacaq. Bir sözlə, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş müvafiq müddəaların icrasında ATMU məhz təhsil, təlim, təcrübə, tədqiqat modeli çərçivəsində fəal iştirakı başlıca məqsəd kimi dəyərləndirir.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər