Azərbaycan Milli Elmlər Akademiyası ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması vacibdir

Azərbaycan Milli Elmlər Akademiyası ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması vacibdir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın, Azərbaycan Mətbuat Şurasının (AMŞ) və MEK-in birgə təşkilatçılığı ilə “İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli akademiya ilə media qurumları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb, elmi jurnalistikanın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Akademik İ.Həbibbəyli qeyd edib ki, AMEA ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması çox vacibdir. Bu həm cəmiyyət üçün, həm də Azərbaycan həqiqətlərinin dünyada təbliği üçün olduqca faydalı nəticələr verə bilər. Akademiya daxilində cəmiyyətimiz üçün faydalı proseslər barəsində, alimlərin kəşfləri haqqında məlumatların cəmiyyətə çatdırılmasında media mühüm rol oynayır. Həmçinin AMEA öz informasiya resursları ilə mediaya kömək göstərə bilər.
AMEA-nın vitse-prezidenti alimlərlə mətbuat nümayəndələri arasında daha sıx və səmərəli əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
AMŞ-nin sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuat nümayəndələri ilə əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb, informasiya əldə olunmasında kitabın, kitabxananın rolunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
V.Səfərli AMEA-da çalışan alimlərin elmi fəaliyyətinin mediada daha geniş şəkildə işıqlandırılmasının vacibliyini qeyd edib. Media ilə alimlərin əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
MEK-in direktoru Leyla İmanova oxucular üçün yüksək səviyyədə şərait yaradıldığını, kitabxananın informasiya təminatı sahəsində media ilə əlaqələrin möhkəmlənməsinə böyük diqqət verildiyini bildirib.
Digər çıxış edənlər də AMEA-nın media ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıblar.

Afət Abbasova

Oxşar xəbərlər