Hərbi Akademiya ilə AMEA arasında memorandum imzalanıb

Hərbi Akademiya ilə AMEA arasında memorandum imzalanıb Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında elmi-texniki və təhsil sahələrində əməkdaşlığa dair memorandum imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, memorandumu Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə imzalayıblar.
Tərəflər ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsaslanaraq hərb elminin inkişaf etdirilməsi, müvafiq peşə və ixtisaslar üzrə optimal təhsil sisteminin mərhələli tənzimlənməsi üzrə hüquqi bazanın yaradılması barədə razılığa gəliblər.
Memorandumda Azərbaycanın müdafiə qüdrətinin artırılması və onun müasir təhdid və təhlükələrə cavab verə biləcək hərbi potensiala malik olması istiqamətində birgə elmi tədqiqat işlərinin aparılması, hərbi təhsil sistemində qabaqcıl elmi nailiyyətlərin tətbiq edilməsi, birgə beynəlxalq və regional elmi konfransların keçirilməsi, eləcə də müdafiə texnologiyaları sahəsində müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.
İmzalanma mərasimindən sonra qonaqlara Azərbaycan Milli Elmlər Akademiyasında əldə edilmiş ən son elmi nailiyyətlər barədə ətraflı məlumat verilib.

Hərbi Akademiya ilə AMEA arasında memorandum imzalanıb

tehsil-press.az

Oxşar xəbərlər