Dövlət İdarəçilik Akademiyasında Türkiyənin dövlət qulluqçuları üçün seminar keçirilib

Dövlət İdarəçilik Akademiyasında Türkiyənin dövlət qulluqçuları üçün seminar keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında imzalanmış anlaşma protokolu çərçivəsində birgə yaradılan Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzində Türkiyənin dövlət qulluqçuları üçün seminar keçirilib.
Seminarda Türkiyənin Təhsil, Xarici İşlər, Səhiyyə, Nəqliyyat, Dənizçilik və İnformasiya nazirlikləri, Ankara Böyük Şəhər Bələdiyyəsi və digər mərkəzi qurumların dövlət qulluqçularından ibarət heyəti iştirak edib.
Seminarın işinə uğurlar arzulayan DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə unikal idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib. Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Qeyd edilib ki, son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılıb. Eyni zamanda, məlumat verilib ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir, yalnız Kanada, Almaniya kimi ölkələrdən geri qalır. U.Ələkbərov vurğulayıb ki, bu uğurların kökündə yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyası dayanır. Bu istiqamətdə Heydər Əliyev Fondunun, bu qurumun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.
Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun nümayəndəsi Yasəmən Yıldırım isə çıxışında Azərbaycan və Türkiyənin regionun güc mərkəzləri olmaqla yanaşı, eyni zamanda, elm, bilik mərkəzi kimi formalaşması baxımından əhəmiyyətinə diqqət çəkib. Türkiyəli qonaq hər iki ölkənin dövlət qulluqçularının təcrübə mübadiləsinin aparılmasını, kadr potensialının təkmilləşdirilməsi sahəsində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirib.
DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzəsində iki ölkə arasındakı strateji əməkdaşlığın gücləndirilməsinə verilən töhfələr, bu əməkdaşlığın perspektivlərı və digər strateji əhəmiyyət kəsb edən məsələlər barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri, həqiqətən, mükəmməl səviyyədədir.
Daha sonra elmi təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, DİA-nın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova, DİA-nın analitik təhlil üzrə müşaviri, dosent Ziyafət Həbibova, dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Murtaza Həsənov çıxış edərək ölkənin taleyüklü problemlərinin həlli və dövlət idarəetmə sistemi istiqamətində aparılan islahatları, qazanılan uğurları xatırladıblar. Natiqlər dövlət idarəçiliyi sahəsində də aparılan islahatların uğurlu nəticələrindən və əhəmiyyətindən danışıblar. Ölkəmizdə həyata keçirilən tədbirlərin insan potensialının keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığı qeyd edilib.
Çıxışlarda dövlətimizin başçısı tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti, dövlət qulluğunda kadr ehtiyatının normativ-hüquqi tənzimlənməsi, müasir çağırışlara cavab verən kreativ nəslin formalaşdırılması və idarəedilməsi məsələlərinə diqqət çəkilib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

Oxşar xəbərlər