Deputat: Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində açıq diplomatik qələbəsidir

Deputat: Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində açıq diplomatik qələbəsidir “Özünün qalmaqallı və məsuliyyətsiz yazıları, eləcə də hərəkətləri ilə tanınan, Azərbaycan qanunlarını kobud şəkildə pozması azmış kimi bunu təkrarlayacağını da bildirən Aleksandr Lapşinin ekstradisiyası hüquqi prosesdir və burada qeyri-adi heç nə yoxdur”.

Bunu Təhsil-press.az-a Milli Məclisin deputatı Sahib Alıyev deyib.
S.Alıyev bildirib ki, Azərbaycanın konkret cinayət əməllərinə, yəni dövlət əleyhinə çağırış və qanunsuz şəkildə sərhədin keçilməsinə görə axtarışa verdiyi hər hansı şəxsin saxlanılaraq Bakıya ekstradisiya edilməsi həm beynəlxalq konvensiyalara, həm də MDB çərçivəsində və iki dövlət arasında anlaşmaya uyğun olaraq reallaşdırılıb:
“Bunun həyata keçirilməsi yox, keçirilməməsi təəccüb doğura bilərdi. Ancaq göründüyü kimi, Lapşin saxlanılan andan Ermənistan və onun havadarları bu olayı siyasiləşdirdilər. Səbəb də budur ki, onlar blogeri bu qanunsuz hərəkətlərə kimlərin və nəyin qarşılığında sövq etdiklərinin üstünün açılmasını istəmirlər. İkincisi, bu presedentdən sonra Dağlıq Qarabağa qanunsuz səfər etmək istəyənlərin oturub düşünəcəklərini anlayır, bunun təşvişini yaşayırlar. Ancaq ən önəmlisi budur ki, məsələnin siyasiləşdirilməsindən Ermənistana dəyən zərbə daha böyük oldu. Bununla növbəti dəfə Ermənistanın üzvü olduğu KTMT və Avrasiya İqtisadi Birliyi kimi qurumlarda onun yox, Azərbaycanın sözünün keçdiyi üzə çıxdı. Halbuki Azərbaycan həmin qurumların heç birinin üzvü deyil”.
Deputat bildirib ki, beləliklə də, həm beynəlxalq, həm də MDB müstəvisində Azərbaycan Ermənistan üzərində açıq diplomatik qələbə qazandı:
“Bu, işğalçı dövlət və onun Azərbaycan torpaqlarında cinayət törədən təmsilçiləri üçün həm də bir həyəcan təbilidir. Heç təsadüfi deyil ki, belələrindən biri, əli Qarabağda soydaşlarımızın qanına batan "komandos" ləqəbli Arkadi Ter-Tadevosyan bu günlərdə Belarusa gözlənilən səfərdən imtina edib. Səbəb kimi isə onu göstərib ki, o da Lapşin kimi tutularaq Azərbaycana təhvil verilmək istəmir. Düzdür, Tadevosyan bununla guya Lapşinin tutulmasına etiraz etdiyini bildirir. Əslində isə onun bu hərəkətində bir qorxu hissi keçirdiyi də açıq-aydın görünür. Haqlı da olaraq o bu hissi keçirir. Çünki Tadevosyan da daxil olmaqla, əli azərbaycanlıların qanına batan bütün erməni cəlladları sağ ələ keçsələr, Lapşin kimi bir gün məhkəmə qarşısına çıxarılacaqlar. Ancaq onların cəzası Lapşininkindən qat-qat ağır olacaq”.

Təhsil-press.az

Oxşar xəbərlər