Polad Bülbüloğlu UNESCO-nun gələcəyi ilə bağlı açıqlama verib

Polad Bülbüloğlu UNESCO-nun gələcəyi ilə bağlı açıqlama verib “Azərbaycan hökumətinin UNESCO-nun baş katibi vəzifəsinə namizədliyimi irəli sürməsi mənim üçün həm gözlənilməz oldu, həm də qarşıma ölkəmizin humanitar əməkdaşlıq sahəsində müsbət təcrübəsinin qlobal səviyyədə yayılması öhdəliyini qoydu”.

Tehsil-press.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Russkaya Qazeta”ya müsahibəsində deyib.
O bildirib ki, bu gün UNESCO dünya ictimaiyyəti kimi öz məqsədlərinə gedən yolda müəyyən çətinliklərlə üzləşir: “Maliyyə resurslarında ciddi çatışmazlıq var. UNESCO-nun fəaliyyətinin optimallaşdırılması üçün çox düşünülmüş, planlı şəkildə iş aparmaq lazımdır”.
Səfir qeyd edib ki, Azərbaycanda tarixi abidələrin qorunması işinə böyük önəm verilir və ölkənin 2 abidəsi UNESCO-nun siyahısına daxil edilib: “Biz qeyri-maddi mədəni irs siyahısının formalaşmasında da aktiv rol oynayırıq. Əgər ulu babalarımızdan bizə qalmış mirası qorumaq sahəsində baş verən prosesləri analiz etsək, Azərbaycanda iqtisadi inkişafın mədəniyyətin qorunması və inkişafındakı təsirini görə bilərik. Düşünürəm ki, bu faydalı təcrübə qlobal miqyasda da tələb oluna bilər”.
Prioritetlərə gəlincə, P. Bülbüloğlu bildirib ki, əsas məqsədi UNESCO-da siyasi mübarizəni minimuma endirməkdir: “Qarşıdurmalar üçün kifayət qədər formatlar var. UNESCO-nun məqsədi humanitar sahədə fəaliyyət göstərməklə sülhə nail olmaq, təşkilatın indiki böhranlı şəraitə uyğunlaşdırılmasıdır. Mən bu istiqamətdə fəaliyyət göstərməyə hazıram. Ümid edirəm ki, bütün tərəfdaşlarımızla birlikdə bu yolun sonunda qürur duyacağımız bir şey olacaq”.
Qeyd edək ki, UNESCO-nun yeni baş katibi bu ilin oktyabrında seçiləcək. Polad Bülbüloğlu ilə yanaşı, bu vəzifəyə daha 9 nəfərin namizədliyi irəli sürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər