Elmar Qasımov: Azərbaycan neft emalı və neft-kimya komplekslərinin tikintisində böyük uğur qazanıb

Elmar Qasımov: Azərbaycan neft emalı və neft-kimya komplekslərinin tikintisində böyük uğur qazanıb Azərbaycanda neft strategiyasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ölkəmizdə bu siyasət uğurla inkişaf etdirilir. Azərbaycan təkcə neft hasilatı sahəsində deyil, neft emalı və neft-kimya komplekslərinin tikintisində də böyük uğur qazanıb. Bu gün ölkəmiz artıq neft hasilatından neft emalı, neft-kimya məhsullarının istehsalçısına çevrilib. Bu da bizim gələcəkdə daha çox böyük gəlir əldə etməyimizə şərait yaradacaq.
E.Qasımov bildirib ki, Bakıda keçirilən, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” mövzusunda forum üç gün müxtəlif bölmələrdə işini davam etdirəcək. İkinci ildir təşkil edilən forumda 18 ölkədən yüzdən çox nümayəndənin iştirak etdiyini diqqətə çatdıran rektor tədbirdə 70-dən çox şirkətin təmsil olunduğunu vurğulayıb. Qeyd edilib ki, forumda ticarət, logistika, neft emalı, neft-kimya sahəsində səmərəli fikir mübadiləsi aparılacaq.
Forumda ölkəmizdə müasir texnologiyalar əsasında tikilən yeni neft kimya komplekslərinin rəhbərləri də iştirak edirlər. Bu komplekslər Azərbaycanın yeni neft kimya sahəsinin yeni müəssisələridir. Builki forumun yeniliklərindən söz açan E.Qasımov bildirib ki, ötən il tədbirdə neft hasilatı və neftin daşınması məsələləri müzakirə olunub. Bu il isə neft emalı və neft kimyası daha çox diqqəti cəlb edir. Azərbaycanda artıq neft emalı sahəsində bir sıra yeniliklərə imza atılıb.
Azərbaycanın hazırda dünyanın logistika mərkəzlərindən birinə çevrildiyini deyən BANM-in rektoru bu sahədə ölkəmizdə çox böyük işlərin aparıldığını deyib. Qeyd olunub ki, forumun bir bölməsi bu sahəyə həsr olunub və tədbirdə logistika ilə məşğul olan şirkətlərin rəhbərləri də iştirak edirlər.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər