Paytaxtda baş verən intensiv yağışlar şəhər ərazisində bir çox evlərin su altında qalmasına, yolların keçilməz vəziyyətə gəlməsinə səbəb olub. Xüsusilə son intensiv yağışlardan sonra Keşlə qəsəbəsində baş verənlərlə əlaqədar kollektorun üzərində tikilən evin sökülməsi bir sıra sualları ortaya çıxarıb.Hadisə yerinə baxış keçirən rəsmi qurumların təmsilçiləri də bir məqamı xüsusi vurğulayıblar: "Su basan ərazilərin böyük əksəriyyəti vaxtilə mühəndis-kommunikasiya xətlərinin üzərində və ya mühafizə zolaqlarında qanunsuz inşa edilən evlərin yerləşdiyi sahələrdir". Bu açıqlama illərdir davam edən böyük bir mübahisəni yenidən gündəmə gətirib.
İndi əhalini maraqlandıran odur ki, qanunsuz tikili dedikdə nə nəzərdə tutulur? Bu evlərin sənədləşdirilməsi mümkündürmü?
Məsələ ilə bağlı daşınmaz əmlak eksperti Ramil Osmanlı açıqlama verib. Onun sözlərinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyinə görə, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikili və onun nəticələri barədə konkret qaydaları müəyyən edir:
“Həmin maddəyə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr almadan, tikinti normaları və qaydalarına əməl etmədən, yəni onları pozaraq yaşayış evi, digər tikili və sair aparmaq artıq “özbaşına tikili” hesab olunur. Bu, gələcəkdə həmin tikililərin sənədləşdirilməsinin Azərbaycan qanunvericiliyi ilə faktiki olaraq qadağan edildiyi anlamına gəlir. Ölkəmizdə özbaşına tikililərlə bağlı ciddi və fundamental problemlər mövcuddur və bu problemlərin həlli ilə bağlı illərdir müzakirələr aparılsa da, təəssüf ki, konkret nəticə hələ əldə edilməyib”.
Mütəxəssis mühafizə zolaqlarında tikilmiş qanunsuz tikililərin konkret sayını da açıqlayıb:
“Bakıda, ümumiyyətlə Azərbaycanda, mühafizə zolaqlarına düşən tikililər mövcuddur. Buraya kollektorlar, böyük ötürücü və magistral xətlər, magistral avtomobil yolları, dəmiryol xətləri, yüksək gərginlikli elektrik xətləri, magistral neft və qaz kəmərləri və digər mühafizə zolaqları daxildir. Təəssüf ki, uzun illərdir bu zolaqlarda tikililər aparılıb. Təqribi sayını 2015-ci ildə müvafiq icra hakimiyyəti orqanlarının Nazirlər Kabinetinə göndərdiyi məlumatlara əsasən 20 min civarında müəyyən olunub, amma mən hesab edirəm ki, bu rəqəm 2015-ci ildən bu yana daha yüksəkdir. Yəni sırf mühafizə zolaqlarına düşən özbaşına tikililərin sayı bu qədərdir. Hər bir qurum üzrə isə təxminən 2-5 min ərazi ətrafında belə tikililər mövcuddur. Bu evlərin sənədləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə görə mümkün deyil. Yəni konkret olaraq özbaşına tikililərin, yəni qanunsuz tikililərin sənədləşdirilməsi mümkün deyil. İstisna hallar da var. Bəzi torpaq ayırma sənədləri olan ərazilərdə tikilmiş evlərin sənədləşdirilməsi mümkündür. İstisna olunur: mühafizə zolaqlarına düşən tikililər, aktiv mədən ərazilərində yerləşən tikililər, qeyri-təyinatlı torpaq sahələri üzərində zəbt olunmuş dövlət torpaq sahələri üzərində inşa olunmuş tikililər. Belə hallar istisna təşkil etsə də, indiki halda özbaşına tikililərin sənədləşdirilməsi mövcud qanunvericiliklə mümkün deyil”.
Tehsil-press.az







