
Tədbirlərdə layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəyə hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.
Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılığından, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.
Məhz aprel döyüşlərində də dövlətimizin və Ordumuzun gücü-qüdrəti, xalqımızın birliyin, həmrəyliyi və vətənpərvərliyi bir daha nümayiş etdirildi. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.
Buna görə də, əsrin ən dəhşətli hadisəsi olan Xocalı faciəsinə, 20 Yanvar hadisələrinə, 31 Mart azərbaycanlıların soyqırımı gününə, “Dördgünlük müharibə” aprel döyüşlərinə və onun qəhrəmanlarına, Respublika, Dirçəliş, Müstəqillik günlərinə həsr olunan dərslərdə, dərsdənkənar tədbirlərdə qazandığımız müstəqillikdə həmin hadisələrin mühüm rol oynadığını diqqətə çatdırmalı, şagirdləri vətənimizin azadlığı yolunda şəhid olmuş qəhrəman oğul və qızlarımızı unutmamağa, onlar kimi olmağa, həyat və fəaliyyətlərində daim onlardan nümunə götürməyə səsləmək lazımdır.
Tədbirlərdə Balakən, Zaqatala və Qax rayonundan olan fəal gənclər, şagirdlər iştirak etmişlər. Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumat verilmişdir.
Tədbirdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər, üzərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyinin loqoları əks olunmuş papaq və maykalar paylanılıb, həmçinin layihə çərçivəsində fəal iştirak edən şagirdlərə “Fəxri Diplom”lar verilmişdir. Sonda iştirakçılar ilə birgə xatirə şəkli çəkilib.






