UNEC-də vətənpərvərlik tədbiri keçirilib

UNEC-də vətənpərvərlik tədbiri keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprel döyüşlərində iştirak edən bir qrup hərbi qulluqçu ilə görüş keçirilib.
“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov dövlət müstəqilliyimizin 25 illik yubileyini təntənə ilə qeyd etdiyimiz 2016-cı ilin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ictimai-siyasi, sosial iqtisadi, eləcə də ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərlə yola salındığını bildirib: “Ali Baş Komandanımızın qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur”.
Rektor UNEC-in Müdafiə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində professor-müəllim heyətinin və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən danışıb. Bildirib ki, UNEC ailəsi torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazırdır.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani tədbirə dəvət olunan əsgər və zabitləri, müharibə qazilərini və şəhid ailələrini iştirakçılara təqdim edib. Lələtəpə uğrunda sağ ayağını itirən və bir-neçə yara alan sabiq hərbi hissə komandiri, “Vətən uğrunda” medalına layiq görülən polkovnik-leytenant Elşən Qarayev, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, “İgidliyə görə” medalına layiq görülən polkovnik-leytenant Seymur Həbibullayev, Azərbaycanın Mili Qəhrəmanı, şəhid Əliyar Əliyevin oğlu, mayor Emin Əliyev, düşmənin 10-a yaxın tank, zirehli texnika və avtomobilini məhv edən, “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunan, batareya komandiri, kapitan Mirdamət Bağıyev, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verən tank komandiri, baş gizir Paşa Mehdiyev, igid döyüşçülərdən leytenant Vüsal İbrahimov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teymur Əliyev və başqaları UNEC tələbələrinə aprel döyüşləri barədə xatirələrini danışıb, onların suallarını cavablandırıblar.
Aprel şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov oğlunun şücaətindən söz açıb. Bildirib ki, hər iki oğlu aprel döyüşlərində qonşu səngərlərdə döyüşüb. Kiçik oğlu Ruhin qəhrəmanlıqla şəhid olub, böyük oğlu Qəhrəman isə bu günə qədər də hərbi xidmətini ön cəbhədə davam etdirir: “Hər iki oğlum “İgidliyə görə” medalı ilə təltif edilib”. Tədbirə oğlunun portreti və Ruhinin cənazəsi üzərinə sərilən bayraqla gələn şəhid atası bu bayrağın tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacağına əminliyini bildirib. Tədbirə dəvət edilən hərbi qulluqçu Qəhrəman Qəhrəmanov səhnəyə çıxaraq, qardaşının qəhrəmanlığı ilə qüruru duyduğunu bildirib.
Xalq Artisti Samir Cəfərov “Lələtəpə Fatehləri” qəhrəmanlıq odasını ifa edib. UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri Aslan Əzimzadə “Azərbaycan əsgəri”, İqbal Bayramov isə “Bayraq” şerini səsləndirib.
Sonda UNEC rəhbərliyi və kollektivi adından Azərbaycan əsgərinə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik məktubu oxunub.

UNEC-in Mətbuat Xidməti


UNEC-də vətənpərvərlik tədbiri keçirilibUNEC-də vətənpərvərlik tədbiri keçirilibUNEC-də vətənpərvərlik tədbiri keçirilibUNEC-də vətənpərvərlik tədbiri keçirilibUNEC-də vətənpərvərlik tədbiri keçirilib

Oxşar xəbərlər