İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb İnformatika ümumtəhsil məktəblərində tədris olunan mühüm fənlərdən biridir. Əksər dünya ölkələrinin təhsil sistemlərində onun öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu, gənc nəslin formalaşmasında informatikanın müstəsna rolu ilə izah olunur. İnformatika fənninin tədrisi zamanı şagirdlərdə məntiqi, tənqidi və alqoritmik təfəkkür tərzini inkişaf etdirmək, müasir informasiya texnologiyaları, müxtəlif texniki alətlər və proqramlaşdırma dillərindən istifadə üzrə bacarıqlar formalaşdırmaq üçün informatika müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) təhsil nazirinin “İnformatika fənninin tədrisi üzrə pilot layihənin həyata keçirilməsi barədə” əmrinin icrasını təmin etmək məqsədilə “Alqoritmika - proqramlaşdırmanın tədrisi metodikası” mövzusunda ixtisasartırma proqramının reallaşdırılmasına başlayıb.
Proqram Bakı şəhərindəki ümumtəhsil məktəblərinin 150 informatika müəllimi üçün nəzərdə tutulub. Otuz altı akademik saatı əhatə edən ixtisasartırma təlimi fevral ayının sonuna kimi davam edəcək. Təlim müddətində müəllimlər “Scratch” proqramlaşdırma dilindən istifadə bacarıqlarına yiyələnəcək, proqramlaşdırma dillərinin tədrisi metodikasını öyrənəcək, yeni alətlərdən istifadə bacarıqları qazanacaqlar.
Layihənin sonunda müəllimlər proqramlaşdırma dilindən istifadə edərək layihələr hazırlayacaqlar. Müəllim layihələri xüsusi hazırlanmış meyarlar əsasında qiymətləndiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər