Fevralın 1-dən tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq

Fevralın 1-dən tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.
Fevralın 1-dən etibarən transfer.edu.az portalı vasitəsilə sənəd qəbulu həyata keçiriləcək və bu proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədikləri təhsil müəssisəsini seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi nazirliyin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyənləşdirilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali məktəbin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Transfer.edu.az portalı vasitəsilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.
Ötən tədris ilində portal vasitəsilə 1.191 nəfər tələbə köçürülüb.

Kəmalə Rəhimli

Oxşar xəbərlər