
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 12 mart 2018-ci il tarixindən 15 sentyabr 2018-ci il tarixədək həyata keçirilir.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.
Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.
2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8).
I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522
Hüseyn Şərifov