Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir

Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir Məsəl var, deyirlər ki, səhər yeməyini özün ye, günortanı dostuna, axşamı düşməninə ver. Bu deyimdə həm də bir həqiqət var.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gündəlik kalorinin 50 faizi axşam süfrəsinin payına düşür. Gecə saatlarında yüksək kalorili yeməklərdən sonra qəbul edilən şirniyyatlar və qazlı içkilər orqanizmin artıq yüklənməsinə səbəb olur. Axşam süfrəsində qəbul olunan qidaların növbəti gün iş fəaliyyətinə təsirsiz ötüşmədiyi məlum olub.
Səhər yeməyinin daha qüvvətli olması həkim və diyetoloqlar tərəfindən təsdiq olunub, günorta isə kalori baxımından ondan bir az aşağı olmalıdır, kalorisi ən az olan yeməklər isə axşam qəbul edilməlidir.
Axşam yeməyi zamanı tərəvəzlərdən və daha yüngül qidalardan mütləq istifadə edilməlidir ki, insan yatana qədər orqanizm onu həzm edə bilsin, yatanda isə mədədə və mədə-bağırsaq sistemində ağırlıq hissi yaratmasın.
Mütəxəssislər bildirirlər ki, yaxşı səhər yeməyi özünü daha enerjili və sağlam hiss etməyə səbəb olur. Nahar yeməyi də çox əhəmiyyətlidir və onun gecikdirilməsi axşama qədər aclıq hissinin üstün gəlməsinə və axşam yeməyində yeməyə həddindən artıq meyl yaranmasına səbəb olur.
Şam yeməyinin müəyyən saatlarda yeyilməsi məsləhətdir. Onun yatmazdan 3-4 saat əvvəl qəbul edilməsi daha düzgündür.
Süfrəyə verilən yeməklərin təzə və keyfiyyətli qidalardan hazırlanması da mühüm əhəmiyyət kəsb edir. Axşam yeməyində süfrəyə verilən qidaların, eləcə də meyvə-tərəvəzlərin gigiyenik qaydada hazırlanması da vacib şərtlərdən biridir. Qidaların bir gün əvvəldən hazırlanıb soyuducuda saxlanılmaq şərtilə istifadə olunması da mümkündür.
Qidalar 0-5 dərəcəyədək temperaturda soyuducuda saxlanılmalı, süfrəyə verilərkən 60 dərəcəyədək temperaturda qızdırılmalıdır. Bir dəfə donu açılmış qidanın yenidən dondurularaq istifadə edilməsi yolverilməz hesab olunur, çünki bu zaman onun tərkibindəki zülallar, proteinlər və yağlar itir. Doydurucu bir nahar yeməyi və ara yeməyi qəbulu, meyvələrlə qidalanmaq gec saatlarda acmaq və yemək istəyini azaldır. Yatmazdan əvvəl duş qəbul etmək və bitki çayı içmək gec yatmağa və az yeməyə kömək edir. Axşamlar az və vaxtında yeməyi də vərdiş halına gətirmək lazımdır. Yuxu gəlməsə də, hər gün eyni saatda yatmağa cəhd göstərilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər