Azərbaycan mediası beynəlxalq müstəvidə: Bakı yazır, dünya istinad edir!

Azərbaycan mediası beynəlxalq müstəvidə: Bakı yazır, dünya istinad edir! Azərbaycan mediası son üç ildə beynəlxalq informasiya məkanında öz nüfuzunu gücləndirərək tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələni səciyyələndirən əsas xüsusiyyətlərdən biri ölkənin artıq informasiya istehsalçısı kimi çıxış etməsi, Azərbaycanla bağlı transmilli və xarici media qurumları tərəfindən istinad edilən əsas mənbəyə çevrilməsidir.

Əvvəllər Azərbaycanla bağlı xəbərlər beynəlxalq mediada daha çox transmilli media qurumlarına, hətta qonşu ölkələrin - xüsusən də Rusiya və Türkiyə kimi regional güclərin media orqanlarına istinadla yayımlanırdı. Lakin son üç il ərzində qlobal informasiya məkanında əsas istinad nöqtəsi məhz Azərbaycan mediası olub. Bu mühüm dəyişiklik, yerli media qurumlarının operativlik, eksklüzivlik və peşəkarlıq səviyyələrinin artması, mediaya daha konseptual baxışla izah olunur.

Əlbəttə, Azərbaycanda əvvəllər də bir neçə agentlik və televiziya kanalı mövcud idi ki, onlara zaman-zaman xarici KİV-lər istinad edirdi. Lakin xüsusilə Vətən müharibəsinin birinci mərhələsində daha çox Türkiyə mediasının fəallığı diqqət çəkirdi. Amma cəmi bir il keçdikdən sonra, qısamüddətli antiterror əməliyyatı zamanı dünya mediasında əsas istinad mənbəyi artıq Azərbaycan mediası oldu. Bu dəyişiklik, yerli medianın hadisə yerindən verdiyi eksklüziv reportajlar, birbaşa canlı yayımlar və operativ informasiyalarla mümkün oldu.

Daha sonra Azərbaycanla bağlı baş verən digər qlobal əhəmiyyətli hadisələrdə də bu tendensiya davam etdi. COP29 kimi mühüm beynəlxalq tədbirdə - baxmayaraq ki, burada dünyanın dörd bir yanından yüzlərlə media quruluşu iştirak edirdi - Azərbaycan mediası ön planda oldu və ciddi istinad mənbəsi kimi çıxış etdi. Yerli media bu tədbirdə yalnız iştirakçı deyil, həm də xəbər mənbəyi rolunu uğurla oynadı.

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına dair məlumatların operativ şəkildə yayılması da Azərbaycan mediasının nüfuzunun göstəricilərindən biri oldu. Bu hadisə ilə bağlı dünyanın demək olar ki, bütün qitələrində yayılan xəbərlərdə əsas istinad mənbəsi olaraq Azərbaycan informasiya agentlikləri və aparıcı xəbər portalları-xüsusilə AZƏRTAC, APA, "Trend", "Report" agentlikləri, "Caliber" portalı, "Anewsz"və CBC kanalları öncüllük təşkil edirdi.

Müxtəlif dillərdə xəbər yayımı ilə məşğul olan bu mənbələr beynəlxalq medianın əsas istinad mənbəyi idi. "BBC", "Al Jazeera", "Reuters", "The Washington Post", "The New York Times" kimi aparıcı media qurumları, hətta Hindistan və İndoneziya mətbuatına qədər olan geniş arealda qəza ilə bağlı xəbərlər əsasən Azərbaycan mediasına istinadla paylaşıldı. Beləliklə, media orqanlarımız bu hadisədə birbaşa informasiya yayıcısı kimi çıxış etdi.

Bütün bunlar göstərir ki, ölkədə son illərdə media siyasəti düzgün və strateji əsaslı qurulur. Əvvəllər "özümüz yazıb, özümüz oxuyurduqsa", bu gün Azərbaycan mediasına beynəlxalq müstəvidə olan maraq və istinadlar sübut edir ki, artıq informasiyanın ilk mənbəyi rolunu oynayırıq. Eksklüziv xəbərlərin yerli media vasitəsilə yayılması, ölkə mediasının xarici informasiya qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsini verir.

Prezidentin informasiya strategiyası: medianın qlobal nüfuzunun artmasında liderlik rolu

Prezident İlham Əliyevin informasiya strategiyası Azərbaycan mediasının beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə həyata keçirilən media islahatları və texnoloji modernləşmə, ölkənin informasiya təhlükəsizliyini gücləndirib. Prezidentin yerli və xarici mediaya verdiyi müsahibələr, çıxışlarının müxtəlif dillərdə yayımlanması, Azərbaycanın qlobal informasiya məkanında mövqeyini möhkəmləndirib. Bu strategiya, həm də milli maraqların müdafiəsində medianın effektivliyini artırıb. Nəticədə, Azərbaycan mediası regional və beynəlxalq informasiya axınında etibarlı mənbə kimi tanınıb.

Ölkə Prezidentinin media ilə əməkdaşlığı da bu prosesdə önəmli rol oynayır. Prezidentin mütəmadi olaraq yerli televiziyalara verdiyi müsahibələr və həmin müsahibələrin müxtəlif dillərdə yayımlanması informasiya dövriyyəsində yeni mərhələ yaradıb.

Artıq ənənə halını almış Şuşa Beynəlxalq Media Forumunda Prezident İlham Əliyev saatlarla yerli və xarici medianın suallarını cavablayır. Prezident ildə bir neçə dəfə yerli və xarici beyin mərkəzlərinin nümayəndələri ilə görüşür, o görüşlərdən dünya mediasına manşet olan açıqlamalar yayılır.

Azərbaycan Prezidentinin səfərlərinin işıqlandırılması ilə bağlı edilən uğurlu dəyişiklik də mediamızın nüfuzuna önəmli təsir edib. Heç kimə sirr deyil ki, bu gün İlham Əliyev dünyada diqqət mərkəzində olan liderlərdən biridir. Onun səfərləri, açıqlamaları regional və beynəlxalq media üçün xəbərdir.

Azərbaycan mediası illərlə Prezidentin görüşləri, səfərləri ilə bağlı xəbərlərin operativ işıqlandırılmasında maneə və problemlə üzləşib. Son bir ildə ilə Prezidentin səfər və görüşləri çox operativ, bəzən anbaan işıqlandırılır. Prezident Əliyevin görüş və səfərlərindən keyfiyyətli canlı yayınlar təşkil olunur və bu yayınları dövlət televiziyası ilə yanaşı, digər özəl və kabel televiziyalarının da yaymasına şərait yaradılır.

Dövlət televiziyası və agentliyi ilə yanaşı, APA, "Trend", "Report" kimi aparıcı agentliklər, İctimai Televiziya və digər özəl xəbər kanalları Prezidentin xarici səfərlərində təmsil olunur, bu səfərləri fasiləsiz işıqlandırır.

Tehsil-press.az

Oxşar xəbərlər