Dodağımda səslənən yaddaş

Dodağımda səslənən yaddaş Xalq mahnıları – sözləri sadə və eyni zamanda çox dərindir. Günümüzə qədər gəlib çatmış, aktuallığını heç zaman itirməyən bir sənət nümunəsidir. Təkcə sözlərdəki dərin məna deyil, ritm və melodiya da insan ruhuna təsir edir. Sanki deyilən hər söz, toxunulan hər bir not sənə tarixin izlərini, ənənələrini, düşüncələrini, həyat tərzini özündə əks etdirir və insanın kökənləri ilə birləşərək köklərə olan bağlılığı gücləndirir.

Hər sözün arxasında çox böyük mənalar gizlənir. Xalq mahnılarının hər biri içində bir duyğunun, bir həyatın, bəlkə də bir dövrün səsini daşıyır. Azərbaycan xalq mahnıları da Azərbaycan xalqının keçmişindən, bu günündən, gələcəyindən xəbər verir. Həminmahnılarda sən özünü tapırsan. Bu bir zövq deyil, bu bir yaddaşdır. Silinməyən tarixinunudulmayan səsidir. Ruhun bu səslə böyüyür, qocalır, lakin heç zaman solmur oahəng.Səslənir dodağında, özün də bilmədən bəzən Sarı gəlin, bəzən Küçələrə su səpmişəm, bəzən Ay bəri bax,;Apardı sellər saranı, Gəl, inad etmə - deyə pıçıldayır qəlbin.

Sarı gəlin

Saçın ucun hörməzlər, Gülü sulu dərməzlər – misrası ilə başlayır.

Əlçatmaz bir sevgini, saf və toxunulmaz məhəbbəti simvollaşdırır. Bu nəğmədə həm aşiqin sevilənə duyduğu dərin hörmət, həm də ayrılıqla yoğrulmuş kövrək bir həsrət hiss olunur. “Sarı gəlin” mahnısı həm şəxsi bir sevgi hekayəsi, həm də bir xalqın duyğusal yaddaşıdır. Onun dəqiq kimə aid olduğu və hansı hekayəyə əsaslandığı tam aydın olmasa da, bu nəğmə yalnız bir dövrün deyil, yüzillərlə yaşanan hisslərin daşıyıcısıdır.

Küçələrə su səpmişəm
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.

Bu xalq mahnısı bir tərəfdən sevgi həsrəti ilə dolu gözləmə anını, aşiqin sevgilisini qarşılamadan əvvəl küçələri təmizləmək istədiyi o incə diqqəti ifadə edir.

Digər tərəfdən, Manaf Süleymanovun yazdığına görə, bu mahnı tarixən daha dərin bir mənaya sahibdir: 1918-ci ildə Bakını xilas etməyə gələn türk əsgərlərini qarşılayan insanlar bu mahnını oxuyaraq qurtuluş sevincini və minnətdarlığını ifadə ediblər.

Beləliklə, bu mahnı həm şəxsi məhəbbətin, həm də xalqın ümumi sevinc və ümid hissinin rəmzinə çevrilmişdir.

Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

Ay bəri bax

“Ay bəri bax” deyə müraciətlə başlayan mahnı, bir gəncin qarşı tərəfə şirin bir şəkildə söz atması – yəni sevgisini birbaşa yox, dolayısıyla, zarafatla bildirməsi formasında ifadə olunur. Bu, xalq poeziyasında tez-tez rast gəlinən nazlı-qəmzəli sevgi üslubunun gözəl nümunəsidir. Bu mahnı sübut edir ki, xalq mahnıları təkcə kədər və ayrılıqdan ibarət deyil – şənlik, canlılıq və gənclik ruhu da bu melodiyalarda yaşayır.

Apardı sellər saranı

Mahnının adı belə artıq bir faciəni, yoxluğu xəbər verir. Azərbaycan xalq musiqisinin ən kövrək, dərin kədər və ayrılıq hissi ilə yoğrulmuş nəğmələrindən biridir. Mahnı, Sara adlı bir qızın təbii fəlakət nəticəsində həyatını itirməsi ilə bağlıdır. Bu mahnı sadəcə bir insanın yoxluğu yox, bir ömürlük itkinin, ümidsizliyin və qəfil ayrılığın simvoludur.

Gəl, inad etmə

“Gəl, inad etmə” təsnifi, Şur muğam ladı üzərində qurulmuş, küskün bir sevgilinin peşmanlıqla dolu səmimi çağırışını və sevgiyə dönüş arzusunu ifadə edən duyğusal bir əsərdir.

Bu nəğmələrin sayı çoxdur – hər bölgənin, hər dövrün, hər hissin öz səsi, öz mahnısı var. Hər misrasında, hər notunda nəsildən-nəslə ötürülən sevgi, kədər, sevinc, ümid və yanğı var. Bəlkə də ona görə xalq mahnıları bu qədər doğmadır – çünki biz o mahnılarda özümüzü tapırıq: kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi.

Onları qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək bir zövq deyil – bir məsuliyyətdir. Çünki bu nəğmələr bizim ruhumuzun səsidir. Bu səs isə heç vaxt susmamalıdır…

Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət”


Tehsil-press.az

Oxşar xəbərlər