Tribologiya elmi sahəsində ilk azərbaycanlı elmlər doktoru

Tribologiya elmi sahəsində ilk azərbaycanlı elmlər doktoru Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədov bəşəriyyətə, dünya elminə, iqtisadiyyatına misilsiz töhfələr verən ixtiralar, dünyanın ən böyük alimlərinin stolüstü kitabına çevrilən elmi monoqrafiyaların müəllifidir.
Əhəd Canəhmədov bu günlərdə Qırğız Respublikası Mühəndislik Akademiyasının İdarə Heyətinin qərarı ilə qurumun fəxri akademiki adına layiq görülüb.
Professor bir sıra xarici ölkə akademiyalarının həqiqi və fəxri üzvüdür. O, 400-dək elmi əsərin, o cümlədən elmi kəşflərin, 15-ə yaxın monoqrafiya, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş elmi-kütləvi kitabların müəllifidir. Alimin bir neçə fundamental əsəri ABŞ-ın məşhur "SPRİNGER" nəşriyyatında və Almaniyada çapdan çıxıb. Bu günlərdə onun "Elastomerlər Tribologiyasına fraktal yanaşma" (Fractal approach to Tribology of Elastomers) adlı 400 səhifəlik yeni monoqrafiyası "SPRİNGER" nəşriyyatında çapdan çıxıb. O, bu ilin martında Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) İdarə Heyətinin qərarı ilə "Elm və incəsənət cəngavəri" fəxri adına layiq görülüb, diplom və döş nişanı ilə təltif edilib, may ayında “Rusiyanın Əməkdar mühəndisi” fəxri adını alıb. Oktyabrın 23-ü görkəmli alimin doğum günüdür.
Əhəd Canəhmədov 1946-cı ildə Xızı rayonunun Baxşılı kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mexanika fakültəsini bitirib. Aspirantura təhsilini Moskvada alıb, 1973-cü ildə namizədlik, 1989-cu ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. Tribologiya elmi sahəsində ilk azərbaycanlı elmlər doktorudur.
O, 1973-2011-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb, 1982-1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib.
Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının və Gürcüstan Milli Akademiyasının akademiki, Ukrayna Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının akademikidir. Alimin adı “Rusiya Mühəndislik Akademiyası”nın ensiklopediyasına salınıb.
Bir sıra beynəlxalq elmi jurnalların redaksiya kollegiyasının üzvü, "Science and Applied Engineering Quarterly" (İngiltərə) jurnalının baş redaktorudur.
Azərbaycanlı alim İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzinin gümüş və qızıl medalları ilə təltif olunub və "XX əsrin görkəmli elm adamı" fəxri adına layiq görülüb. Dünya elmindəki xidmətlərinə görə o, Amerika Bioqrafiya İnstitutu tərəfindən qızıl medal və “Beynəlxalq səfir” ordeni ilə təltif edilib.
Əhəd Canəhmədov 2011-ci ildə "Mühəndislik şöhrəti" ordeni, Beynəlxalq Mühəndislik Akademiyasının Böyük qızıl medalına, Ukrayna Mühəndislik Akademiyası Podqornı adına qızıl medalına və Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" qızıl medalına layiq görülüb. 2012-ci ildə görkəmli alim, həmçinin jurnalistlərin təsis etdiyi "Vətənpərvər alim" qızıl medalı ilə təltif olunub. 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P.L.Kapitsa adına qızıl medala layiq görülüb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2000-ci ildə keçirilən "Ən yaxşı elmi iş" adlı müsabiqədə texniki elmlər üzrə neft və qaz quyularının bərpası üçün avadanlıqlar kompleksinin işlənməsi və tətbiqi üzrə, 2014-cü ildə isə ixtiraçılıq sahəsində respublika müsabiqəsinin laureatı olub.
Əhəd Canəhmədov "Metalpolimer sürtünmə cütlərinin üst qatlarında kontakt – impuls qarşılıqlı təsiri nəticəsində yeyilmə friksion xarakteristikalarının dəyişmə qanunauyğunluqları" adlı elmi kəşfin müəllifidir. Alimin əsərləri "Maşinovedeniye" (Rusiya), "Friction and Wear" (ABŞ), "Vestnik maşinostroenie" (Rusiya), "Prikladnaya mexanika" (Ruminiya), "Mexanika" (Polşa), "Maşinostroeniye" (RF), "Problemı maşinostroeniya i avtomatizatsii" (Macarıstan), "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" və digər nüfuzlu jurnallarda dərc edilib.
"Fiziki-stoxastik tribomodelləşdirmə", "Neftqaz avadanlıqlarında tribotexniki problemlər", "Neftqaz avadanlıqlarında elastomerlərin mexanikası", "Neft tribologiyası", "Ekologiyada sinergetika və fraktallar", "Tribologiyada sinergetika və fraktallar", "Dağılma mexanikasına fraktal yanaşma" və digər monoqrafiyaları alim və mütəxəssislərin böyük rəğbətini qazanıb.
Azərbaycan dilində yazılmış "Qazıma maşın və avadanlıqları" və "Tətbiqi mexanika" dərsliklərinin müəllifi olan alimin rəhbərliyi ilə 20-yə qədər namizədlik və doktorluq dissertasiyası müdafiə edilib.
Əhəd Canəhmədovun elmi əsərləri təkcə MDB-də deyil, digər ölkələrdə də məşhurdur. Görkəmli alim bu gün də İngiltərə, Almaniya, Çexiya, Slovakiya, Avstriya, Yunanıstan, Yaponiya, Polşa, Rumıniya, İtaliya və başqa ölkələrdə tribologiya və tribotexnika problemlərinə dair dünya konqreslərində, beynəlxalq simpoziumlarda və regional konfranslarda məruzə ilə çıxış edir.

Tehsil-press.az


Oxşar xəbərlər