Akademik Arif Mir Cəlal oğlu Paşayev – 84

Akademik Arif Mir Cəlal oğlu Paşayev – 84 Haqqında söhbət açdığımız akademik nəinki Azərbaycanda, fikrimcə dünya miqyasında yaxşı tanınır. Belə bir səmimi, qayğıkeş, müdrik bir ziyalı haqqında məqalə yazmağı müəllif kimi özümə vəzifə borcu bilirəm. Çünki gələcək nəsillər Azərbaycanımızın təhsil sahəsindəki dahilərin həyat və fəaliyyətini yaxından tanımalı, oxumalı və əzbər bilməlidirlər. Ölkə başçısı İlham Əliyev tərəfindən elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, əsl pedaqoq, nümunəvi təhsil işçisi, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, 2001-ci ildən AMEA–nın həqiqi üzvü Arif Paşayev haqqında nə qədər danışsaq da, yazsaq da yenə də azdır. Arif Paşayev 15 fevral 1934-cü ildə Bakı şəhərində tanınmış yazıçı və ədəbiyyatşunas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayevin isti ocağında dünyaya göz açmışdır. Arif Paşayevin formalaşmasında ata ocağının əvəzsiz xidmətləri olmuşdur. Tanınmış incəsənət xadimləri, xalq şairləri, xalq yazıçıları, akademiklərin çoxunu misal çəkmək olar. Onlardan Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Həmid Araslı, Sabit Rəhman və başqa tanınmışların əvəzsiz xidmətləri olmuşdur. Arif müəllim 1941-51-ci illərdə Bakı şəhəri 164 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Moskva Elektrotexnika Rabitə İnstitutuna daxil olmuş, sonra təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda davam etdirmişdir. 1966-ci ildə namizədlik, 1978-ci ildə fizikia-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1989-cu ildə Elmi cihazqayırma ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 1971-1996-cı illərdə AMEA-nın Fizika İnstitutunda “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” və “Yarımkeçiricilərdə elektromaqnit və akustoptik proseslərin fiziki-texniki problemləri” laboratoriyasına rəhbərlik etmişdir. Elmin zirvələrinə aparan pillələr bir-birini beləcə əvəz edib. Arif Paşayev SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb. Əldə olunan bu nəticələrə görə SSRİ EA Elmi Şurasının xüsusi mükafatına layiq görülüb, Azərbaycan EA-nın müxbir üzvü seçilib. Bununla kifayətlənməyən Arif Paşayev elmi tədqiqatlarının əhatə dairəsini daim genişləndirib, bir-birindən dəyərli nailiyyətlərə imza atıb. Əldə etdiyi nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib. Fizika elminin inkişafında göstərdiyi xidmətlərə, xüsusən avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə 1991-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxarılan borularda isə parafinlə mübarizə üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılıb. Fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi alıb.
Akademik Arif müəllim 1996-cı ildən hal-hazıradək Milli Aviasiya Akademiyasının rektorudur. Arif Paşayevin bugünədək Azərbaycan, rus, ingilis və dünyanın bir çox dillərində çapdan çıxmış 400-dən artıq kitab, monoqrafiya, dərslik, dərs vəsaiti və elmi məqalələri vardır. 2008-ci ildə Akademikə Beynəlxalq Avrasiya Komitəsinin “Qızıl” medalı, 2011-ci ildə isə Beynəlxalq Mühəndislik Akademiyasının ən yüksək mükafatı “Mühəndislik şöhrəti” ordeni verilmişdir. Ukrayna və Gürcüstan Milli Aviasiya Akademiyalarının fəxri doktorudur. Arif müəllim özü kimi əsl vətənpərvər ruhlu övladlar və nəvələr tərbiyə etmişdir. Övlad və nəvələri də Vətənə layiqli xidmət etməklə yanaşı hər zaman Azərbaycanımızın müstəqilliyi və tərəqqisi naminə əllərindən gələni əsirgəmirlər. Tanrı Arif müəllimi bütöv şəxsiyyət yaratmaqla yanaşı əsl rəhbər, təşkilatçı, geniş dünya görüşlü, polad iradəli və insanpərvər kimi xalqımıza bəxş etmişdir. Xalqımızın və dövlətimizin ali mənafeyi uğrunda öz fəaliyyətini durmadan davam etdirir. Fikrimcə, dövlətə və dövlətçiliyə xidmət edən bu yanaşma fəaliyyəti dünya təhsili üçün bir örnəkdir və nümunədir. Akademik Arif Paşayevin tutduğu düzgün yol dövlətçiliyə çox sıx bağlıdır və Azərbaycan təhsilinin inkişafına, daha da güclənməsinə böyük töhfələr vermişdir.
Hörmətli akademikimiz Arif Paşayevə möhkəm can sağlığı, uzun ömür, elmin və təhsilin, Azərbaycan ziyalılığının müasir tələblər səviyyəsində inkişaf etdirilməsi yollarında daha böyük uğur və nəaliyyətlər arzulayırıq.

Cəmil QULİYEV,
Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru





Oxşar xəbərlər