İki alimimiz Rusiya Təbiət Elmləri Akademiyasının medalını alıb

İki alimimiz Rusiya Təbiət Elmləri Akademiyasının medalını alıb ADNSU-da “Azad Mirzəcanzadə adına gümüş medal”ın təqdimat mərasimi keçirilib.
Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsində “Azad Mirzəcanzadə adına gümüş medal”a layiq görülən alimlərin təltifolunma mərasimi keçirilib.
Tədbirdə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) vitse-prezidenti, texnika elmləri doktoru Əzizağa Şahverdiyev, RTEA-nın Azərbaycan Elmi Mərkəzinin elmi katibi, texnika elmləri namizədi Eldar Abbasov və sədr müavini, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Qeylani Pənahov, eləcə də ADNSU-nun professor-müəllim heyəti iştirak edib.
Mərasimdə görkəmli alim, akademik Azad Mirzəcanzadənin elm və təhsil sahəsindəkı əvəzsiz xidmətləri dəyərləndirilib, onun Azərbaycanda neft sənayesinin inkişafında, neft elminin zənginləşdirilməsindəki rolundan danışılıb.
Sonra ADNSU-nun “Maşınqayırma və materialşünaslıq” kafedrasının professor-məsləhətçisi Cahid Kərimov və “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Tofiq Səmədov “Azad Mirzəcanzadə adına gümüş medal”la təltif olunublar.
Qeyd edək ki, dünya şöhrətli alim, AMEA, RTEA, Başqırdıstan Respublikası Elmlər Akademiyası və Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü Azad Mirzəcanzadənin adına medalın təsis olunması Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən qərara alınıb.

Kəmalə Rəhimli

Oxşar xəbərlər