
RTEA-nın nizamnaməsinə görə “Elm və incəsənət cəngavəri” fəxri adı əməyi ilə cəmiyyətin inkişafına əsaslı töhfə verən, görkəmli əcnəbi ictimai, elm və mədəniyyət xadimlərinə verilir.
Əhəd Canəhmədov 400-dək elmi əsərin, o cümlədən elmi kəşflərin, 10–dan çox monoqrafiyanın, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş elmi-kütləvi kitabların müəllifidir. O, geniş auditoriya ilə asanlıqla ünsiyyət qurmağı bacaran istedadlı alim və nümunəvi müəllimdir.
Alimin bu yaxınlarda oxucuların ixtiyarına verdiyi “Mühəndislik fəlsəfəsi” elmi-fəlsəfi traktatı cəmiyyətdə ona daha böyük rəğbət qazandırıb. Bu əsər alimin uzun illərin elmi-fəlsəfi düşüncələrinin məhsuludur. Əhəd Canəhmədov elmi-kütləvi əsəri üçün traktat janrını seçərək fəlsəfi təlimi yeni yanaşmadan – mühəndislik fəlsəfəsi mövqeyindən kütləviləşdirmək məqsədilə oxucuya Məkan–Zaman və Yaranış haqqında qeyri-adi düşüncələrini çatdırır. Onun elmi-fəlsəfi düşüncələri bir sıra bazis fəlsəfi anlayışları: məkan, zaman, insan, həyat və ölüm, insanın kainatda yeri, insan fəaliyyətinin ali düşüncə formalarını əks etdirir.
Hikmət Əliyev