
Hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.
Azərbaycan sözügedən hesabatın “Əlverişli mühit” bölməsinin “İnstitutlar” göstəricisi üzrə 58-ci, İnfrastruktur göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdədir.
Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci, hər 100 nəfərə düşən sabit genişzolaqlı İnternet abunəçiləri göstəricisi üzrə 53-cü, hər 100 nəfərə düşən fiber-optik İnternet istifadəçiləri göstəricisi üzrə 55-ci, eləcə də İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub.
Qeyd edək ki, ölkəmiz “İnternet istifadəçiləri” göstəricisinə görə, digər MDB ölkələri arasında liderdir.
Kəmalə Rəhimli