GƏNCLƏRİN VERGİ SAHƏSİNDƏ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDBİR KEÇİRİLİB

GƏNCLƏRİN VERGİ SAHƏSİNDƏ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDBİR KEÇİRİLİB Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzi gənclərin vergi sahəsində maarifləndirilməsi, onların gələcəkdə nümunəvi vergi ödəyicisi kimi yetişməsi və müvafiq sahə üzrə peşə hazırlığının artırılması məqsədi ilə mütəmadi olaraq təlim və seminarlar təşkil edir.
Gəncə Dövlət Unversitetində Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları tərəfindən gənclərin vergi sahəsində maarifləndirilməsiməqsədilə tədbir keçirilib.
Tədbirdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev və Vergi Metrologiya kafedrasının dosenti Rəşad Əhmədov, həmçinin universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Bildirilib ki, Vergilər Nazirliyinin Tədris Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı ilə yaradılıb. Tədris Mərkəzinin yeni kompleksi Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Şamaxı rayonunun Nağaraxana kəndində, Böyük Qafqaz sıra dağlarına aid olan və dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən ərazidə, ekoloji baxımdan əlverişli məkanda inşa edilib. 2011-ci ilin sentyabr ayının 13-də Ölkə başçısının iştirakı ilə müasir memarlıq üslubunda tikilmiş kompleksin açılışı olub. Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanlarını verən texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilib.
Vergilər Nazirliyinin “Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 23 yanvar 2012-ci il tarixli əmrinə əsasən Tədris Mərkəzi Şamaxıda yerləşən yeni inzibati binada öz fəaliyyətini davam etdirir.
Mərkəzin fəaliyyətinin əsas istiqamətləri vergi orqanlarının əməkdaşları, digər dövlət orqanlarında və təşkilatlarda işləyən şəxslər, eləcə də müstəqil şəxslər üçün vergi işi üzrə əlavə təhsili və vergi sisteminə dair elmi tədqiqatların aparılmasını təşkil etməkdir.
Sonra Azərbaycan Respublikasının vergi sistemi haqqında gənclərə zəruri məlumatlar verilib.
Qeyd edilib ki, müasir şəraitdə respublikanın bazar iqtisadiyyatının tələblərinə əsaslanan vergi sisteminin əsas vəzifələri gəlirlərin büdcəyə tam və vaxtında səfərbər edilməsini təmin etmək, əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin yenidən bölüşdürülməsi və formalaşması xüsusiyyətlərini nəzərə almaqla istehsal və istehlakın həm xalq təsərrüfatı, həm də onun ayrı-ayrı sahələri üzrə tənzimlənməsi üçün şəraitin yaradılmasıdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

GDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər