UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var

UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var. Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib.
Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.
T.Cəmilova əlavə edib ki, 5 yaşadək uşaqların hər üçündən biri anemiyanın müxtəlif dərəcələrindən əziyyət çəkir: “Yəni bir sıra narahatedici məqamlar var. Digər tərəfdən, uşaqların xəstələnməsi vəziyyəti ilə bağlı xeyli yaxşılaşma müşahidə olunur. Körpə ölümü göstəricisi ildən-ilə azalır. Hətta BMT-nin hesablamaları üzrə bu göstəricilər aşağıya doğru yerini dəyişir. Beynəlxalq qurumlar da Azərbaycanın bu sahədəki uğurunu qeyd edirlər”.
UNICEF-in proqram rəhbəri uşaqların sağlamlıq vəziyyətinin göstəriciləri ilə bağlı sonuncu dəfə 2013-cü ildə Səhiyyə Nazirliyi ilə birgə araşdırma apardıqlarını da açıqlayıb.
Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə statistik göstəricilər hələ açıqlanmayıb) 29 167 (2016-cı ildə 28 948) uşağa ilk dəfə anemiya diaqnozu, 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq boy artımının ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa isə (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.

Tehsil-press.az

Oxşar xəbərlər