“Dünyanın səsini duyaq” mövzusunda Beynəlxalq Festivalın nəticələrinin təqdimat mərasimi

“Dünyanın səsini duyaq” mövzusunda Beynəlxalq Festivalın nəticələrinin təqdimat mərasimi 10 mart 2019-cu il tarixində saat 11:00-da İçərişəhərdə yerləşən “Nur Art House” sənət mərkəzində “Dünyanın səsini duyaq” Beynəlxalq Festivalının nəticələri əsasında qaliblərin mükafatlandırlması və yaradıcı işlərin təqdimat mərasimi keçirildi. Azərbaycanda ilk dəfə keçirilən bu beynəlxalq festivalın təşkilatçıları UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (Təşkilatın rəhbəri yazıçı-jurnalist, Ukraynanın əməkdar jurnalisti Vasiliy Fyodroviç Tarçineçdir), eləcə də UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzi, “NUR Art House”, “Resurs” Gənclərin İnkişafı Mərkəzi, “Azərbaycan xalçaçıları” İctimai Birlikləri və “Educenter” təşkilatı, “Təhsil dünyası” qəzetidir.
Dünyanın bir çox ölkələrindən uşaq və gənclərin qatıldığı Festival indiyə qədər 15 dəfə Ukraynanın müxtəlif şəhərlərində təşkil edilib. UNESCO-nun assosiativ üzvü olan Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası 2002-ci ildən fəaliyyət göstərir. Ədəbiyyat və jurnalistika sahəsində uşaq və gənclərin əsərlərini təşviq etməklə yanaşı, onların maarifləndirilməsi və bu istiqamətdə müasir meyllərin, cərəyanların aşılanması təşkilatın əsas məqsədlərindəndir. Akademiya 2004-cü ildən bu festivalın keçirilməsinə başlamış və bu müddət ərzində əhatə dairəsini ildən-ilə genişləndirməkdədir. Hər festival yeni və gündəmdə olan mövzuya həsr edilməklə, uşaq və gəncləri öz üzərində işləməyə sövq etmək məqsədi daşımaqdadır.
Festivalın digər təşkilatçısı - UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzi 1997-ci ildən fəaliyyətə başlamış və 2002-ci ildə dövlət qeydiyyatına alınmışdır. Mərkəzin əsas məqsədi UNESCO-nun Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilmiş xalqlar arasında mədəniyyət və təhsilin genişləndirilməsi, sülh və təhlükəsizliyin, ədliyyəyə, qanunlara, insanların hüquq və azadlıqlarına hörmətin möhkəmləndirilməsi üzrə fəaliyyətini dəstəkləməkdir. Bu məqsədlə “Küçə uşaqları”, vərəm və astma xəstələri, “Şəhərin enerjisi və sağlamlığı”, tibb sahəsində müxtəlif istiqamətli layihələrlə yanaşı, “İncəsənətin inkişafı və təşviqi”, “Ölkələr və qitələr arasında musiqi yolu”, “Uşaqlar, ailədə və cəmiyyətdə zorakılıq” kimi mövzularda müxtəlif proqramlar da həyata keçirməkdədir.
Azərbaycanla Ukrayna arasında bu istiqamətdə körpü rolunu oynamış “Resurs” Gənclərin İnkişafı Mərkəzi, Educenter təşkilatı və “Təhsil dünyası” qəzetləri isə istedadlı uşaqların, yeniyetmə və gənclərin beynəlxalq aləmdə tanınması istiqamətində məqsədyönlü işlər görməkdədir. Miqyası ildən-ilə genişlənən Beynəlxalq Festivalda Azərbaycan məktəblilərinin müvəffəqiyyətlə iştirakı da məhz bu təşkilatların zəhməti sayəsindədir.
Hər zaman qapılarını gənclərin üzünə açan, onların yaradıcılıqlarını dəstəkləyən, müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edən “NUR Art House” sənət məbədi bu dəfə də ənənəsinə sadiq qalaraq Festivalın təqdimatının təşkili istiqamətində öz mühüm töhfələrini verdi.
2012-ci ildən UNESCO-da ölkəmizi təmsil edən “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya xanım Tağıyeva, İctimai Birliyin və Azərbaycan Rəssamlar İttifaqının üzvü Rauf Əbdülhüseynli gənc istedadların əl işlərinin dəyərləndirilməsində yaxından iştirak edərək münsiflər heyətində təmsil olundular. Beləliklə, ötən il “Dünyanın səsini duyaq” mövsuzunda Beynəlxalq Festival gənc istedadların axtarışına çıxdı.
Gənc istedadların təşviqi, sənətə məhəbbət və mədəni irsimizin təbliği məqsədi daşıyan Festival “Poeziya”, “Hekayə”, “Mahnı”, “Ədəbi-bədii kompozisiya”, “Rəsm”, “Foto”, “Jurnalistika”, “Yazılı kütləvi informasiya”, “Etnoqrafiya və xalq sənəti”, ”Texniki yaradıcılıq”, “Bədii qiraət” nominasiyaları üzrə əsərlərin qəbulunu elan etdi. Bura Azərbaycanla yanaşı, dünyanın 13 ölkəsindən – Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, Çexiya, Ukrayna, Polşa, Belarus, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, İspaniya, Şimali Kipr Türk Respublikasından çoxlu sayda uşaq və gənclərin əl işləri göndərildi. Dünyanın müxtəlif ölkələrindən fəxri iştirakçı qismində tanınmış rəssamlar, fotoqraflar, xalq yaradıcılığı ilə məşğul olan sənət adamlarının da əsərləri festivala təqdim edildi.
Festivala elan olunan nominasiyalar üzrə ümumilikdə 400-ə yaxın iş daxil olmuş və nominasiyalar üzrə qaliblər 33 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən seçilmişdir. Beləliklə, “Poeziya”, “Hekayə”, Mahnı”, “Rəsm”, “Foto”, “Jurnalistika”, “Etnoqrafiya və xalq sənəti”, ”Texniki yaradıcılıq”, “Bədii qiraət” nominasiyaları üzrə qəbul olunan işlərdən 251 qalib müəyyənləşdirildii ki, onlardan 155 nəfəri Azərbaycanlı uşaq və gənclərdir. Bütün qalibləri və iştirakçıları təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.

Şükufə Süleymanlı
"Xalq qəzeti", 12 mart 2019


“Dünyanın səsini duyaq” mövzusunda Beynəlxalq Festivalın nəticələrinin təqdimat mərasimi

Oxşar xəbərlər