ADA Universitetində mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib

ADA Universitetində mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib ADA Universitetində “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib.
2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən turnirin builki mövzusu kosmosa həsr olunub və “İnformasiya orbiti” adlanır.
Yerli turnir çərçivəsində 10-15 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdirib. Yarışın münsiflər heyəti Türkiyədən dəvət olunmuş beynəlxalq ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət olub.
Mükafatlandırma mərasimində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov son illər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, nazirlik tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq “Lego Education” təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimlərinə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlər keçirilib və şagirdlərimiz bu cür beynəlxalq robot texnologiyaları yarışlarına cəlb olunurlar.
Tədbirdə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1998-ci ildən etibarən Danimarkanin “Lego Education” və ABŞ-ın “First” şirkətlərinin birgə layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir.
“Mars Asademy”nin rəhbəri Elnarə Nəbiyeva rəhbərlik etdiyi şirkətin uşaqlar üçün robot texnologiyaları üzrə kurslar təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
Sonda turnir iştirakçıları medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunublar.
Çempion olan iki komanda mayın 22-dən 25-dək Türkiyənin İzmir şəhərində keçiriləcək Türkiyə Beynəlxalq Açıq Çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə ilk dəfə 2017-2018-ci il mövsümündə qoşulub. Nəticədə yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən Beynəlxalq Açıq Çempionatda təmsil edib.
Turnir hər il müxtəlif qlobal elmi və texnoloji problemlərə həsr olunur. Bu sıraya “Hidrodinamika - suyun səyahəti”, “Heyvanların qorunması”, “Okeanların qorunması”, “Yaşlılara yardım”, “Qlobal iqlim”, “Dünya təhsili” və digər mövzular daxildir.

ADA-nin Mətbuat Xidməti

Oxşar xəbərlər