Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq Ucar rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmat üzrə daha bir zona yarışı keçirilib.
Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının məktəb komandalarının iştirak etdiyi yarışın nəticəsində I yeri Ucar rayonu 6 nömrəli, II yeri Şirvan şəhəri N.Quliyev adına 9 nömrəli, III yeri Hacıqabul rayonu A.Dadaşov adına 5 nömrəli tam orta məktəblərin komandaları tutub.
Şahmat üzrə sonuncu zona yarışı Mingəçevir şəhəri Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunub. Gəncə və Mingəçevir şəhərlərinin, Şəmkir, Tovuz, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışlarda I yerə Bərdə rayonu 8 nömrəli, II yerə Tərtər rayonu 1 nömrəli, III yerə Yevlax rayonu 2 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.
Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, aprel ayı ərzində keçirilən çempionatın zona yarışlarında atletika üzrə final mərhələsinə Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli, Şirvan şəhəri 9 nömrəli, Balakən rayonu Şərif kənd, Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli, Lənkəran şəhəri Haftoni qəsəbə, Biləsuvar rayonu Xırmandalı kənd 1 nömrəli, Quba rayonu Qırmızı qəsəbə 1 nömrəli, Qusar rayonu Hil kənd 1 nömrəli, Bərdə rayonu Xanqaraqoyunlu kənd, Bakı şəhəri 251 nömrəli tam orta məktəblərin, Gəncə şəhər İdman Liseyi və Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının komandaları vəsiqə qazanıb. Final yarışları iyunun 1-2-də Respublika Olimpiya Mərkəzində keçiriləcək.
Şahmat üzrə final mərhələsinə Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyi, Bakı şəhəri 6 nömrəli məktəb-lisey, Abşeron rayonu Saray qəsəbə 2 nömrəli, Bakı şəhəri 60 nömrəli, Oğuz rayonu 1 nömrəli, Göyçay rayonu 5 nömrəli, Biləsuvar rayonu 1 nömrəli, Yardımlı rayonu 1 nömrəli, Ucar rayonu 6 nömrəli, Şirvan şəhəri 9 nömrəli, Bərdə rayonu 8 nömrəli və Tərtər rayonu 1 nömrəli tam orta məktəblərin komandaları vəsiqə qazanıb. Final yarışları iyunun 3-dən 9-dək "Təhsil" Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında keçiriləcək.
Məktəblər arasında respublika çempionatı sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Tehsil-press.az

Oxşar xəbərlər