Elşad Məmmədov hökumətin sosial siyasətinin kritik nöqtəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ictimai nəzarətin həyata keçirilməsinə rəhbərlik edir.
Beş ilə yaxındır ki, sosial müdafiə, pensiya təminatı, əlillik, müharibə veteranları, məşğulluq və digər həssas qruplarla bağlı müraciətlərin araşdırılmasında ƏƏSMN yanında İctimai Şura da yaxından iştirak edir.
Elşad Məmmədov müsahibəsində siyasi kuluarlarda özü ilə bağlı dolaşan iddialara münasibət bildirib.
O, qısamüddətli olsa da, vaxtı ilə Azərbaycana rəhbərlik etmiş atası Yaqub Məmmədovun parlament sədrliyinə seçilməsindən istefasına, Şuşanın işğalından azad olunmasına qədərki tarixi hadisələrin canlı şahidi kimi, gözünün önündə baş verənlərlə bağlı suallarımızı cavablandırıb.
Elşad Məmmədovun müsahiblərin bir çoxunda xronik hal alan “suallarla əvvəlcədən tanış olmaq” və “müsahibəni yayımdan əvvəl nəzərdən keçirmək” kimi tələblərinin olmaması onun yüksək peşəkarlıq səviyyəsinin və özünə inamımın göstəricisi sayıla bilər.
- Elşad bəy, hökumətin sosial siyasətinin ən kritik nöqtəsində İctimai Şuranın sədri kimi hansı səlahiyyətləriniz var, nələr edirsiniz?
- Mən 2021-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya əvvəl üzv, sonra sədr seçildim.
İctimai Şura üzvləri 2 illiyə seçilir. 2023-cü ildə növbəti seçkilər oldu və yenidən sədr seçildim. Şurada üçüncü seçki prosesi 2025-ci ildə oldu və yenə sədr seçildim. Hazırda da İctimai Şuranın üzvü və sədriyəm.
Bütün ölkələrdə sosial müdafiə sahəsi, əmək bazarı ilə bağlı olan məsələlər böyük həssaslıq tələb edir. Biz İctimai Şura olaraq, maksimum şəkildə çalışırıq ki, ictimaiyyətlə, əhalinin geniş kateqoriyaları ilə aidiyyatlı nazirlik arasında bir körpü rolunu oynayaq, bizə olan müraciətləri operativ şəkildə cavablandıraq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə İctimai Şuranın fəaliyyətinə dəstəyini müsbət hal kimi dəyərləndirirəm. Nazirliyə istiqamətləndirdiyimiz müraciətlərin böyük əksəriyyəti maksimum 3 gün müddətində cavablandırılır.
- Şikayətlərin, müraciətlərin məzmunu əsasən nə ilə bağlı olur?
- Çox geniş spektrdir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, doğurdan da, bu nazirliyin funksiyaları çox genişdir. Qurumun funksiyaları geniş olanda müraciətlər də, təbii ki, çox olur.
Pensiya təyinatı, əlillik məsələləri ilə bağlı müraciət edənlərin bir hissəsi hesab edir ki, onlar müraciət edirlərsə, haqlıdırlar. İctimai Şuramızın məqsədi məsələyə maksimum şəkildə ədalətli yanaşmaqdır. Vətəndaşın müraciətinə birmənalı şəkildə həssaslıqla yanaşma olmalıdır. Amma şikayətçi heç də həmişə haqlı çıxmır. Rəqəmsallaşma prosesinin sürətlə tətbiq olunması yarana biləcək bir çox problemlərin qarşısını alır. 2021-ci ildən bəri müraciətlərin sayı getdikcə azalır.
- Bəlkə etimad azalıb, ona görə...
- Xeyr. Mən belə düşünmürəm. Rəqəmsallaşmanın üstünlüyü odur ki, insanlar artıq hər şeyin şəffaf edildiyini real görür. Ondan əvvəl də insanların müraciətlərində aidiyyatlı dövlət qurumunun yanaşmasının ədalətliliyinə şahid olurduq. Bu baxımdan, innovativ qərarların qəbul edilməsi çox müsbət haldır. Rəqəmsal texnologiyaların tətbiqi həm ictimai nəzarəti asanlaşdırır, həm də İctimai Şuranın əsas missiyasına xidmət edir. Gördüyümüz işlərin böyük əksəriyyəti, əsasən, müraciətlərin yönləndirilməsi, cavablandırılması və nazirlik tərəfindən qəbul olunan yeni yanaşmaların ictimaiyyətə çatdırılması ilə bağlıdır. Ən effektiv istiqamətlərdən biri məhz ictimai nəzarətdir. Bu nəzarətin həyata keçirilməsində isə rəqəmsallaşma bizə mühüm dəstəkdir. Son 7-8 il ərzində sosial sahədə mütərəqqi texnologiyaların tətbiqi müsbət nəticələrini verir. Yeri gəlmişkən, ölkəmizdə ardıcıl sosial zərflər reallaşdırıldı. Bunun üçün müvafiq maliyyə bazası, müvafiq iqtisadi resurs lazımdır. Düşünürəm ki, effektiv idarəetmə qərarları bu sosial layihələrin reallaşdırılmasına da öz töhfəsini verdi.
- Heç olubmu ki, müraciəti araşdırdıqdan sonra vətəndaşın haqlı olduğunu görəsiniz?
- Hər bir işdə insan amili var. İnsanın səhvi də ola bilər. Heç kim deyə bilməz ki, fəaliyyətimdə heç bir nöqsan olmayıb. Mühüm məqam odur ki, operativ və şəffaf reaksiya verilsin. Nazirlikdə kommunikasiyaya cavabdeh olan insanlar bizimlə sıx işləyirlər. Eyni zamanda nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq qurumların hamısında media və ictimai şura ilə münasibətlərə cavabdeh olan şəxslər var ki, biz onların hamısı ilə daim əlaqədəyik. Amma elə məsələlər olur ki, qurumun bilavasitə rəhbər şəxslərinə çıxmağa ehtiyac yaranır. Belə durumlar üçün kommunikasiyamız var.
- Şura sədri kimi səlahiyyətləriniz kimə qədər çıxmağa imkan verir? Məsələn, nazir Anar Əliyevlə istədiyiniz vaxt əlaqə saxlaya bilirsiniz?
- Mənim şura sədri olaraq cənab nazirlə birbaşa kommunikasiyam var. Amma təbii ki, anlamaq lazımdır ki, nazir vəzifəsində olan şəxslərin iş həcmi çox böyükdür. Maksimum şəkildə çalışıram ki, nazirliyin tabeliyindəki qurumlarda və yaxud nazirliyin mərkəzi aparatının departamenti səviyyəsində çözülə bilən problemləri elə onlarla da həll edim. Bundan başqa, nazir müavinləri də var. Elə məsələlər də ortaya çıxır ki, daha fundamental olur, o zaman nazirlik rəhbərliyi ilə kommunikasiya qururuq. Bu zaman da heç bir problemlə üzləşmirik.
Maaş və fəaliyyət şərtləri
- İctimai Şuranın sədri kimi rəsmi maaş alırsınızmı?
- Xeyr, ictimai şuralarda, ümumiyyətlə maaş məsələsi yoxdur. Şuranın heç bir üzvü fəaliyyətinə görə maaş almır.
- Maaşsız işin zövqü və keyfiyyəti olurmu?
- Bu, ictimai missiyadır. Mənə elə gəlir ki, ictimai şuralar üçün gələcəkdə təkmilləşdirilməli olan məsələdir. Bizim hamımızın əsas iş yerlərimiz var. Bu tək məndə belə deyil.
Amma bir problem də mövcuddur - İctimai Şurada iş həcminin çoxluğuna görə əsas iş yerlərimizdə böyük çətinliklərlə üzləşirik. Bu təkcə bizdə deyil, digər ictimai şuralarda da var. Əsas işlə bərabər bu işi də yerinə yetirmək fiziki və vaxt baxımından böyük əziyyət tələb edir. Elə məsələlər olur ki, həlli üçün regionlarla işləməli oluruq. Bakının özündə olanda belə, hansısa iclasda iştirak edirik, aidiyyatı qurumların rəhbərlərinin qəbullarında oluruq. Saatlarla buna vaxt gedir. Burda gedib-gəlmək, vaxt, nəqliyyat problemləri ortaya çıxır. Bizim əsas iş yerlərimiz olduqda, bu cür məsələlər problemlər yaradır.
- Paket də verilmir?
- Mən qəti şəkildə deyirəm ki, paket məsələsi yoxdur. Burda təbii olaraq vicdan amili mərkəzdə dayanmalıdır.
- Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəlişiniz Sahil Babayevin nazir olduğu dövrə təsadüf edir. Sizin ikinci İctimai Şura faəliyyətiniz də Sahil Babayevin rəhbərlik etdiyi qurumla bağlıdır...
- Birincisi, bu, nazirliyə gəliş demək deyil. Çünki ictimai şuralar nazirliyin tərkibində deyil, qurumun yanında fəaliyyət göstərir. Bunlar fərqli statuslardır.
- Amma ictimai şuraların formalaşmasında nazirlərin mövqeyi önəmli rol oynayır…
- Bu, seçkili orqandır. Tərkib nazirliyin və konkret olaraq nazirin təyinatı ilə müəyyənləşmir. İctimai Şura seçki vasitəsi ilə formalaşan qurumdur. O ki qaldı, sədr seçkisinə, bu proses seçilən şura üzvlərinin iradəsindən asılıdır və onların qərarı ilə reallaşır.
Qaldı Sahil müəllimlə tanışlığıma, mən 2021-ci ildə İctimai Şuraya sədr seçilən günü orda belə bir prosedur oldu: İctimai Şuranın yeni tərkibdə ilk iclasından sonra Sahil müəllim və onun komandası ilə görüş keçirdik. Düzdür, Sahil müəllim mediadan, yəqin ki, mənim ekspert kimi fəaliyyət göstərdiyimi bilirdi, mən də onun nazir olması ilə bağlı məlumatlıydım. Amma bizim ilk üzbəüz təmasımız mən İctimai Şuraya sədr seçiləndən sonra olub.
Sonrakı əməkdaşlığımız isə çox işgüzar, sağlam və konstruktiv şəraitdə qurulub. İctimai işdə təcrübəm olduğuna görə əminliklə deyirəm ki, əgər nazirliyin İctimai Şura ilə işləmək fikri olmasaydı, mən ikinci dəfə ora seçilməyə cəhd göstərməzdim. Biz kommunikasiya şəraitində və şəffaf sağlam münasibətlər çərçivəsində işləməliyik. Əks halda, mən nə qədər “bu sahənin ekspertiyəm, mən bu sahədə mütəxəssisəm, bu sahədə fəaliyyətimi davam etdirmək istəyirəm” desəm də, o effektiv olmayacaq. İnsanlarla işləmək, onlara dəstək olmaq üçün İctimai Şuranın nazirliklə sağlam münasibətləri olmalıdır.
- İctimai Şura fəaliyyətlərinizin Sahil Babayevin rəhbərlik etdiyi nazirliklərlə bağlı olması təsadüfi idi?
- Ümumiyyətlə, ekspert kimi uzun müddət sosial sahə ilə bağlı geniş çıxışlar etmişəm. Əsasən, sosial sahənin iqtisadi aspektlərini təhlil edirdim. Lakin şuraya üzv seçilməyim, bu istiqamətə daha dərindən bələd olmama imkan verdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində son 7-8 il ərzində aparılan islahatları birmənalı olaraq müsbət qiymətləndirirəm. Çünki atılan addımlar ölkədə sosial siyasətin reallaşdırılması nöqteyi-nəzərindən çox böyük müsbət önəm kəsb edir.
Maliyyə Nazirliyi yanında İctimai Şuraya getməyimlə bağlı əvvəldən Sahil müəllimlə heç bir söhbətim olmayıb. Sadəcə, nazirlik tərəfindən İctimai Şuraya seçkilərlə bağlı elan verilmişdi… Elə qurumlar var ki, onların yanındakı İctimai Şurada təmsil olunmaram, amma Maliyyə Nazirliyinin fəaliyyəti mənim peşəkar işimə tam uyğun gəlir.
Mən makroiqtisadiyyat və maliyyə sektoru üzrə kifayət qədər bilgilərə sahib olan mütəxəssisəm. Maliyyə Nazirliyi yanında İctima Şuraya üzvlüklə bağlı elan çıxandan sonra bu sahə bilavasitə mənim ixtisasıma uyğun olduğuna görə, buraya da üz tutdum. Bunu Sahil müəllim maliyyə naziri olduğu üçün etməmişəm.
- Bu sualı ona görə verirəm ki, siyasi kuluarlarda Sizin Sahil Babayevə yaxın kadrlardan olmanızla bağlı fikir var...
- Tanışlığımızın necə olduğunu danışdım. Bizim sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Amma mənim bu şuralarda təmsil olunmağımda Sahil müəllimin hansısa rolu yoxdur. Mən şura üzvü olaraq seçilmişəm, sonra o mənimlə sağlam, konstruktiv münasibətlər qurub. Sahil müəllim nazir olaraq, mən də İctimai Şura sədri kimi, saatlarla müzakirələr aparmışıq. Amma bu, İctimai Şura sədri ilə nazirin sağlam münasibətləridir. Yeri gəlmişkən, istər nazirlik, istərsə hansısa qurum olsun, İctimai Şura sədri ilə nazir arasında belə münasibətlərin olması müsbət effekt verir.
- Bir çox müavinətlərin artırılmasına baxmayaraq, müharibə veteranlarına verilən 80 manatın məbləğində dəyişiklik olmadı. Bu addımın siyasi-sosial mesajı nə idi?
- Azərbaycanda sosial müdafiə sistemində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən biri aktiv məşğulluqla bağlıdır. Bu, çox vacib və müsbət yanaşmadır ki, dövlət olaraq passiv sosial dəstək deyil, aktiv məşğulluq siyasətinin reallaşdırılmasına üstünlük veririk. Bunun həm sosial, həm də iqtisadi baxımdan mühüm mənası var. Bazar iqtisadiyyatı şəraitində əhalinin geniş kateqoriyalarını müavinətlərə kökləmək və istiqamətləndirmək effetktiv hesab oluna bilməz. Veteranlarımızı fiziki imkanları varsa, biz onları əmək bazarına maksimum şəkildə cəlb etməliyik. Əgər insanların fiziki problemləri varsa, dövlətimizin geniş sosial dəstək mexanizmləri mövcuddur. Azərbaycanda ünvanlı sosial yardımla bağlı geniş əhatəli yanaşmalar tətbiq olunub. Aldıqları məvacib, aylıq gəlirləri sosial-iqtisadi tələbatlarını ödəyə bilməyən insanlar üçün dövlət müvafiq sosial yardım paketləri reallaşdırır.
Tutaq ki, o müavinətlər iki dəfə artırıldı. Bu daha effektiv sosial dəstək mexanizmi olar, yoxsa fiziki imkanı olan şəxslərin əmək bazarına cəlb edilib dəfələrlə daha yüksək əmək haqqı qazanması və özlərini inkişaf etdirmələri?!
Bu, həm də stimuldur. İşləməyən adamın sağlamlıqları imkan verirsə, elə-belə müavinət almasındandırsa, onların əmək bazarına cəlb edilmələri daha vacibdir.
- Dövlət qurumlarına işə qəbulda əlillər üçün olduğu kimi, müharibə veteranlarına da kvota ayrılırmı?
- Bizim İctimai Şuraya olunan müraciətlərin xeyli hissəsini müharibə iştirakçıları edir. Bazar iqtisadiyyatı şəraitində dövlət qurumlarının özəl sektora tapşırıq vermək imkanları məhduddur. Amma burda biznesin də korporativ-sosial məsuliyyəti amili var. Biznes sektorunun özü də əhalinin həssas qruplarına sosial-dəstək mexanizmləri tətbiq etməyin vacibliyini anlamalıdır. Amma bununla yanaşı, dövlət xətti üzrə çox geniş proqramlar var. Dövlətin dəstəyi, yalnız qeyd etdiyiniz 80 manatla məhdudlaşmır ki... Müharibədən sonra nə qədər şəhid ailəsinə, veterana, onların ailə üzvlərinə mənzillər təqdim olundu, avtomobillər verildi. Bir sıra hallarda media resurslarımızda bu məsələ elə qabardılır ki, guya müharibə veteranlarına dəstək yalnız 80 manatla məhdudlaşır. Elə deyil! Bizdə çox geniş sosial dəstək mexanizmləri mövcuddur. Eyni zamanda biz maksimum şəkildə aktiv məşğulluğa cəlb etməklə həmin insanların əməyə motivasiyasını təmin etməliyik. Dövlətimizin məşğulluq, əmək siyasəti, müharibə iştirakçılarına verdiyi dəstəklə bağlı mexanizmlərini müşahidə edəndə görürəm ki, doğurdan da, effektiv yanaşmalar tətbiq edilir./“Yeni Sabah”/
Tehsil-press.az

.jpeg)












