Uşaqlarda allergik xəstəliklər mövzusunda seminar təşkil olunub

Uşaqlarda allergik xəstəliklər mövzusunda seminar təşkil olunub Mayın 21-də Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Respublikasının Allerqoloq və İmmunoloqlar Assosiasiyası və Rusiyanın Uşaq Allerqoloq və İmmunoloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Uşaqlarda allergik xəstəliklər” mövzusunda seminar keçirilir.
Seminar 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov seminar haqqında iştirakçılara məlumat verib. O bildirib ki, seminarda uşaqlarda allergik xəstəliklərlə bağlı məsələlər müzakirə olunacaq.
Prorektor qeyd edib ki, Azərbaycanda uşaqların sağlamlığı, onların qorunması sahəsində xeyli mütərəqqi addımlar atılıb. Bu sahədə atılan addımlar tək paytaxt Bakı ilə məhdudlaşmır, Azərbaycanın bütün bölgələrində perinatal mərkəzlər açılıb. “Gələcəkdə də pediatriya sahəsində uğurlar qazanmağımız üçün bizə bilikli kadrlar lazımdır. Biz alimlərimizə və beynəlxalq əlaqələrimizə güvənərək Azərbaycanda tibb elmini inkişaf etdirməyə, gənc kadrların yetişdirilməsinə çalışırıq”, - deyən Rauf Bəylərov seminarın elmi biliklərin mübadiləsində mühüm rol oynayacağını vurğulayıb.
Rusiyanın Uşaq Allerqoloq və İmmunoloqlar Assosiasiyasının vitse-prezidenti, professor Yuriy Smolkin bildirib ki, uşaq allerqologiyası tibbin vacib sahəsidir. Çox təəssüflər olsun ki, bu gün Rusiyada uşaq allerqologiyası ayrıca bir sahə deyil, ümumi allerqologiyaya daxildir. Seminarda həm Azərbaycandan, həm də Rusiyadan bu sahənin mütəxəssisləri iştirak edirlər. “İnanıram ki, dinlədiyimiz mühazirələr, aparılan fikir mübadiləsi uşaq allerqologiyası sahəsində bizə yeni fikirlər, ideyalar verəcək”, - deyə rusiyalı alim bildirib.
Tədbirdə “Uşaqlarda bronxial astma və virus infeksiyasına müasir yanaşma”, “Uşaqlarda adoptik dermatitin erkən diaqnostikası”, “Allergik rinitin müalicəsinə müasir yanaşma”, “Tez-tez xəstələnən uşaqlarda immunitetin vəziyyəti və müalicə problemləri” mövzusunda mühazirələr dinlənilib.
Seminar məruzələrin dinlənilməsi ilə öz işini davam etdirir.

ATU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər