“Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirilib

“Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirilib “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair görüşün davamı olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun ekspertlərinin iştirakı ilə “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirilib.

Səhiyyə Nazirliyindən tehsil-press.az–a bildiriblər ki, bir sıra ölkələrdə keçirilən və uşaqların sağlamlığının təşviqinə dəstək verən tədqiqatın Azərbaycanda da tətbiq edilməsi məqsədilə təşkil olunmuş bu seminar ölkədə uşaqların vəziyyətinə dair aparılmış sorğuların nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırmaq və uşaqların sağlamlığının qorunması yolunda həyata keçirilməsi planlaşdırılan bu tədqiqatın iş strukturunu müzakirə etməyə yönəlib.
Tədbirdə İSİM-in direktoru C.Məmmədov dövlət tərəfindən uşaqların sağlamlıqlarına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, uşaq sağlamlığının qorunması və onların rifahının yaxşılaşdırılmasında dövlət qədər cəmiyyətin də maraqlı olması vacibdir və bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində bir sıra işlər və tədqiqatlar həyata keçirilib.
Azərbaycan uşaq və yeniyetmələrinin sağlamlığını təbliğ və təşviq etməyə istiqamətlənmiş seminarda iştirak etməsindən məmnunluğunu bildirən DST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber təmsil etdiyi qurumun uşaq və yeniyetmələrin sağlamlığı (HBSC CAH) strategiyası baxımından Azərbaycandakı ilkin vəziyyət və strategiya üçün əhəmiyyətli faktlardan danışıb. O, bu tədqiqat şəbəkəsinin Azərbaycanda tətbiqi nəticələrinin təkcə məktəb uşaqlarına deyil, bütün ölkə uşaqlarının rifahına müsbət təsir edəcəyini vurğulayıb.
Latviyanın Xəstəliklərə Nəzarət Mərkəzinin İctimai Səhiyyənin təhlili üzrə baş mütəxəssisi, ÜST-nin beynəlxalq eksperti İveta Pudele "Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu" şəbəkəsi və onun 2016-cı ilə dair beynəlxalq hesabatı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Seminarda ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, çətinliklər və bu problemlərin həlli istiqamətində əldə olunmuş nailiyyətlər barədə məlumatlar verilib, sözügedən şəbəkənin tələbləri və şərtləri, Azərbaycanın bu sistemi tətbiq etməklə nələri qazanacağı, iş protokoluna ümumi baxış, Azərbaycanda bu mövzu ətrafında araşdırma nümunələri və pilot işin təşkili kimi məsələlərə toxunulub.

Tehsil-press.az

Oxşar xəbərlər