İlahiyyat İnstitutunda seminar: Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət

İlahiyyat İnstitutunda seminar: Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Crossroads” kilsəsinin rəhbərlik komitəsinin üzvü Jon Coffman və tərcüməçi Marta Coffmanın təqdimatında “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda seminar keçirilib.
İnstitutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov təhsil müəssisəsində tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində ardıcıl dəyirmi masalar, treninqlər, seminarlar, görüşlər keçirildiyini diqqətə çatdırıb. O, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən nitq mədəniyyətinin, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün institutda ötən dövr ərzində maarifləndirmə yönündə xeyli iş görüldüyünü qeyd edib.
Jon Coffman və Marta Coffman “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət” mövzusunda məruzə ilə çıxış ediblər. Jon Coffman bildirib ki, din yalnız yaradana ibadət sistemi deyil, daha çox həyat tərzidir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsini təşkil edib. O qeyd edib ki, ABŞ-da dini təhsil verən məktəblər üç növə bölünür: rəsmi məktəblər, dini qurumlar tərəfindən açılan məktəblər, kilsə məktəbləri. Valideyn övladını orta məktəbə qoyarkən ona dinin tədris edilməsini istəyərsə, məktəb rəhbərliyi ən yaxın kilsə məktəbində buna imkan yaradır.
Marta Coffman bildirib ki, din dünya xalqlarının tarixində mühüm yer tutur və bütün qitələrin xalqlarının, həmçinin Amerikanın həyatında mövcuddur. Din insanların mənəvi birliyidir, cəmiyyətdə və məişətdə onun rolu böyükdür. O, Azərbaycanda müxtəlif millətlərə mənsub olan insanların sülh və əmin-amanlıq şəraitində yaşadığının, bir-birlərinə hörmət bəslədiyinin şahidi olduğunu vurğulayıb.
Qonaqlar tədbirin təşkilinə, səmimi münasibətə görə institutun rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər