Cəfər Cabbarlı -120

Cəfər Cabbarlı -120 Cəfər Cabbarlının yaradıcılığı və “Od gəlini” faciəsində müasirlik haqqında
Xalqımızın milli-mənəvi dünyagörüşünün inkişafında, ictimai-mədəni düşüncəsinin yeniləşməsində mühüm rol oynayan və ən yeni dövr Azərbaycan dramaturgiyasının banisi Cəfər Cabbarlının bu il anadan olmasının 120 illiyi tamam oldu. O, cəmi 35 il yaşasa da, lirik, epik və dramatik növlərlə bərabər, publisist, ədəbi-tənqidi məqalələri ilə ədəbiyyat və incəsənətimizin beşiyi başında duran mahir söz ustası olmuş, əsərləri ədəbi-bədii dilimizin formalaşmasında xüsüsi mərhələ təşkil etmişdir.
C.Cabbarlı xüsusən gənclərə örnək olan çətin və ibrətamiz həyat yolu keçmişdir. Bakı yaxınlığındakı Xızı kəndində bahar fəslində odunçu Qafar kişinin ailəsində anadan olan, “Bahar oğlu” da adlanan C.Cabbarlı ədəbiyyatımıza bahar ətirli yeni-yeni mövzu və ideyalar gətirmişdir.
Atasını erkən itirən, uşaqlıq illərini Bakının Dağlı məhəlləsində keçirən Cəfər mollaxanada, rus-tatar və Ali ibtidai məktəblərində oxumuş və 1915-ci ildə Bakı Sənaye Texnikumuna daxil olmuşdur. Ilk müəllimləri S.S.Axundov və A.Şaiq onun şeirlərini oxuyar, faydalı məsləhətlər verərdi.
Cəfərin ilk mətbu şeiri “Bahar” “Məktəb” jurnalının 1915-ci il 3 aptel sayında çap olunmuşdur. Müxtəlif qəzet və jurnallarda çıxış edən gənc şair S.Hüseyn, Ə.Müznib, N.Vəzirov və b. ədiblərlə tanış olur. Onun M.Ə.Rəsulzadə, Ə.Cavad, M.B.Məmmədzadə və b. siyasi xadimlərlə birgə fəaliyyəti də elə 1915-ci ildən başlayır. M.Ə.Rəsulzadənin təsis etdiyi, türkçülük və müsavatçılıq ideyalarını təbliğ edən “Açıq söz” qəzetində Cəfər də iştirak edirdi. Türk xalqının Avropa işğalçıları ilə apardığı mübarizəsi və Türkiyədə ümumi vəziyyət qəzetdə geniş işıqlandırılırdı. Bu siyasi proseslərdən kənarda qalmayan C.Cabbarlı “Trablis müharibəsi” (1917) və “Ədirnənin fəthi” (1917) adlı əsərlərində Gənc türklər hərəkatının başçıları olan türk millərçi vətənpərvərlərinin İtaliya və Bolqariya işöalçıları ilə apardığı azadlıq mübarizəsindən bəhs etmişdir.
Milli hökuməti “Sevdiyim” və “Azərbaycan bayrağına” şeirləri ilə alqışlayan, Milli Məclisdə stenoqraf işləyən şair onun süqutunu faciə kimi qarşıladı. Həmin gün, yəni 1920-ci il 27 apteldə M.B.Məmmədzadə, C.Cabbarlı və b. fəallar M.Ə.Rəsulzadənin evində “Gənc müsavatçılar” hərəkatının əsasını qoydular. Təşkilatın sədri M.B.Məmmədzadə, katibi isə C.Cabbarlı seçildi.. Onlar 1923-cü ilin baharına qədər qeyri-leqal “İstiqlal” adlı qəzet də dərc etdilər. Bu zaman hərəkatın əsas üzvləri və C.Cabbarlı həbs edilir və az sonra onlar müəyyən şərtlərlə aadlığa buraxılırlar.
C.Cabbarlı gözəl lirik və cəhalət, avamlıq, zülm, qadın hüquqsuzluğu, istismar, millətdən ayrı düşən ziyalıları tənqid edən satirik şeirlər yazan şair, “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, ”Əhməd və Qumru”, “Qara Qənbər” və s. hekayələr yazan nasir kimi tanınsa da, əsasən dramaturq kimi şöhrətlənmiş və “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Sevil”, “Almaz”, “Yaşar”, “Dönüş” və s. kimi əsərlər yazmışdır. Burada ancaq “Od gəlini” faciəsi haqqında məlumat veriləcəkdir.
Onun “Aydın” (1919-1921) və “Oqtay Eloğlu” (1922) faciələri Milli hökumətin süqutundan doğan milli kədərin əks-sədası idi. Əsas surətlər olan Aydın və Oqtay dramaturqun öz prototipidir. Lakin Cəfərin mənəvi böhranı bu əsərlərlə bitməmişdi. Müəllifin bu barədə hələ deyə bilmədiyi sözlərə yeni quruluşun gətirdiyi bəlalar da əlavə olunmuşdu...
1918-ci ildə Milli hökumətin siyasi həyatında fəal iştirak edən şair ermənilərin Bakıda və rayonlarda törətdikləri soyqırımın canlı şahidi olmuş, XI Qızıl ordunun zorakılığını da, vəhşiliklərini də, müsavatçıların kütləvi həbsini də görmüşdü. İnsanlara azadlıq, bərabərlik, xoşbəxtlik və s. vəd edən yeni quruluşun sözü və əməlləri arasında uçurum olduğunu görən C.Cabbarlı elə bir əsər yazmaq istəyirdi ki, orada istədiklərini deyə bilsin.
Ərəb işğalçılarına qarşı mübarizə aparan Babək hərəkatına aid əsər yazmaq istedadlı dramaturqun ən böyük tapıntısı oldu və 1927-ci ildə “Od gəlini” faciəsini yazdı. Faciə təkcə C.Cabbarlı yaradıcılığında deyil, hətta Azərbaycan ədəbiyyatında xalqımızın milli taleyi problemlərini əks etdirən ən qiymətli bədii şah əsərdir. Müəllif doğma xalqının tarix boyu xarici işğalçılara məruz qalmasının səbəbini hamının bir cəbhədə olmamasında görürdü. Bu baxımdan, dövrün bir çox məsələləri qoyulmuş “Od gəlini” faciəsində müasirlik ruhu çox qüvvətlidir və burada ilk dəfə olaraq xalqı, azadlığı, xalq içindən çıxan qəhrəmanları təsvir və tərənnüm edilmişdir.
Əsərdə obraz adlarının seçilməsinə xüsusi diqqət yetirən müəllifin 16 obrazından 14-ü türk mənşəlidir: Elxan biləgənli, Aqşin (“ağ” və “şono” – boz qurd), Solmaz, Altunbay (“altun” - qızıl, zənginliliyinə işarədir), Torğut (“tor”-türk,”qut”-uğurlu), Qorxmaz, Qartal oğlu Dönməz, Qaçmaz oğlu Toğrul, Gülgün, Altay, İldırım, Sönməz, Yanardağ, Oddamdı. Bunlardan başqa, əsərdə iki haqqında danışılan real xatırlama ad da vardır: 1. Elxan. Hər gün mənimlə çiyin-çiyinə Solmazın taxtını gəzdirən Daşdəmiri yaş çubuqla döyə-döyə öldürdülər; 2. Toğrul. Aqşin yenə hücuma keçmiş, Ərtoğrulun dəstəsi basılmışdır (I c. B. 1966. səh.289,300).
Fasiənin əsas qəhrəmanı Babəkin (“böyük”, “bəy” sözlərindəndir) prototipi Elxan Biləgənlidir. O, zəhmətkeş xalqın nümayəndəsidir. Uşaq olanda qonşu elbəyi hücum etmiş, evi dağıtmış, atasını öldürmüş, özünü isə qul kimi satmışdır. Bir neçə dəfə əsirlikdən qaçan, lakin tutulub yenə hərrac bazarında satılan Elxan hazırda Altunbayın köləsidir. Lakin mahir siyasətçi və natiq kimi diqqəti cəlb edir və ona öz məramını belə izah edir ki, əsrlər boyu insanlığı canavar kimi parçalayan qanunsuzluq hökmranlıq edir, “Ən böyük qanun – şəxsin azadlıq diləkləridir... Azadlıq – gözəl yaşamaq üçündür”. Mən altun hökmranlığını devirəcək, bütün əski dünyanı uçurasaq, həyat bayquşlarının məzarlığı üzərindən azad diləklər və azad vicdanlar dünyasına doğru çiçəkli bir yol salacağam.
O, istədiyinə nail olmaq üçün qarşısında üç böyük qüvvə görür: 1) ərəb işğalçıları (və ya ümumiyyətlə işğalçılar); 2) bəşəriyyəti vuruşduran, gücsüzləri əzdirən dinlər; 3) köləlik törədən bütün ictimai mühiti. Xalqların tarixini, Səlib yürüşləri zamanı tökülən qanlar, dağıdılan kəndlər və şəhərlər haqqında geniş məlumatı olan və hətta bundan sonra da baş verəcək faciələri böyük uzaqgörənliklə görən humanist sənətkar təkcə öz xalqının yox, bəşəriyyətin taleyi haqqında düşünürdü. Bu baxımdan “Od gəlini” faciəsinin ideyası bəşəriyyət üçün həmişə aktual olacaqdır
C.Cabbarlı hazırda dünyada baş verən prosesləri, terrorçu və işğalçıların tökdükləri nahaq qanları, qırğınları əvvəlcədən görürdü...
Elxan Biləgənli deyir ki, müharibələr edən, insan qırğınları törədən cahangirlərin milliyyəti yoxdur. Biz ərəblərə qarşı vuruşmuruq. Bizim üçün ərəb, fars, rum, yəhudi olsun – heç bir fərq yoxdur. Biz Bağdad xilafətinə qarşı vuruşuruq. Şirvan şəhriyarları da onlarla çarpışır, lakin biz onlarla birləşmirik. Bizim üçün onlarla Bağdad mötəsimləri, Bizans imperatorları, Romanın qeysərləri və b. arasında heç bir fərq yoxdur.
Elxan Solmazı sevir, lakin o, Odlar qızı olduğu üçün ölkənin ən varlı adamı olan Altunbayın nişanlısıdır. Solmaz natiqliyinə, cəsarət və igidliyinə görə taxt gəzdirəni olan Elxanı sevir və ona xüsusi rəğbət bəsləyir. O, Bağdada göndəriləndə və ya odlara qurban veriləndə milyonlarını düşünən Altunbayın yox, ancaq Elxanın köməyinə daha çox ümid bəsləyirdi. Elxan və silahdaşları Solmazın Atəşgahda odlara qurban verilməsi mərasimində iştirak edir və onu xilas etməyə çalışırlar. Ərəb əsgərləri ilə qeyri-bərabər döyüşdə elxançılar həbs olunurlar... Elxan əlində “Quran” olan Solmazı və ya dar ağacı önündə seçim qarşısında qalanda özündən artıq sevdiyi Solmazı yox, dar ağacını seçir...
Elxan uşaqlıqdan ayrı düşdüyü, əsərdə gah qardaşı, gah da əmisi kimi təqdim olunan Aqşini, Aqşin də onu axtarmışdır. Elxanı zindanda tapan Aqşin də, Elxan da çox sevinir. Elxan deyir ki, buradan çıxınca daha yüksək əməllər dalınca qaçacaq, iki qardaş əl-ələ verib məzlum bəşəriyyətin əbədi səadəti yolunda çarpışacağıq. Dünya iki cəbhəyə ayrılmışdır. Bir tərəfdə silahlı güclülər, bir tərəfdə isə əliboş məzlumlar. Biz ikinci tərəfdə olacağıq. Lakin o, Aqşinin islamı qəbul etmiş ərəb sərkərdəsi olduğunu biləndə sarsılır, amal və əməllərinin puç olmasından şikayətlənərək deyir ki, dünyada iki cəbhə var: əzənlər, əzilənlər. Biz iki can və qan qardaşı bir qazmada deyilik. Birində sənsən, birində mən...
Bu zaman Batı xan və Toxtamışın Xəzər, Kazan və Krım xanlıqlarına qarşı hücumları, Teymurlənglə İldırım Bəyazid, Sultan Səlimlə Şah İsmayıl arasında gedən müharibələr yada düşür...
Faciədə əsas surətlərdən biri də ölkənin ən varlı adamı Altunbaydır. O da Elxanın cəsarətini, basqınçılara nifrətini, mübarizə əzmini, natiqliyini görür və rəğbət bəsləyir. Ona təklif edir ki, onunla birləşsin və xilafətə qarşı mübarizədə milyonları ilə ona kömək edər. Elxan bildirir ki, bizə birləşmək üçün milyonlarından əl çəkməlisən. Lakin o, var-dövlətini itirməmək üçün islamı qəbul edir, xilafətin bütün tələblərini yerinə yetirir.
Faciədə atası öldürən Elxanı qul kimi satan qonşu, borca görə Gülgünün bacı və atasını öldürən yerli elbəyilər də xalqa zülm edirlər. Ərəb əsgərləri Qorxmazın qardaşını öldürüb bacısını aparır, xalqın namusunu zorlayırlar. Demək, qanunsuzluğun hökm sürdüyü bir ölkədə qonşu, yerli elbəyilər və altunbaylar xalqa basqınçılardan az zülm etmirlər.
Faciədə Elxan Biləgənlinin yaratdığı sinifsiz, azad cəmiyyətdən də bəhs olunur. Bu cəmiyyətdə hər şey hamınındır, hamı bir məqsəd uğrunda bərabər vuruşur. Ən ali qanun hər kəsin başqasına azad istəyidir. Burada heç bir başçı yoxdur, hər işi xalq növbə ilə görür. Burada tənbəllər, yalan danışanlar, əsir əsgərləri incidənlər ilk dəfə el tərəfindən qınanılır, ikinci dəfə isə ailədən çıxarılırlar. Hətta bir dəstə ərəb əsiri azadlığa buraxılsalar da, vətənlərinə getmir və burada qalmaq istəyirlər.
Bu vaxta qədər Ərəb şairi Fərabi, Azarbaycan şairi Nizami Gəncəvi, ingilis Tomos Moor kimi sənətkarlar da azad cəmiyyətlər haqqında yazmışlar. Bizcə, “Od gəlini” faciəsində müstəqil, azad cəmiyyətdən bəhs olunması C.Cabbarlının sosializmdə vəd olunan və görmək istədiyi azadlıq və xoşbəxtliyi görə bilməməsi ilə əlaqədardır. Xalqına və Vətəninə həmişə sadiq olan ölməz sənətkarın müstəqil, azad, demokratik dövlət yaratmaq haqqındakı arzuları faciənin yazıldığı vaxtdan 65 il sonra reallaşdı...

Aydın Məmməd oğlu Paşayev,
filologiya üzrə elmlər doktoru, professor

Oxşar xəbərlər