Sönməyən dan ulduzu: Cəfər Cabbarlı 120

Sönməyən dan ulduzu: Cəfər Cabbarlı 120 Baharda dünyaya, “Bahar” şeiri ilə ədəbiyyata gələn qüdrətli qələm sahibi Cəfər Cabbarlı bahar ömrü yaşadı: qısa, amma mənalı, təravətli və dəyərli.
Xızıda özü, Xızı dağlarında izi, bütöv Azərbaycanda sözü qalan, həmyerlisi Müşfiq kimi dünyadan nakam köçən Cəfər Cabbarlı ədəbiyyat tariximizdə bir dönüş oldu.
Ömrü boyu həqiqət axtarışında olan, nəhayət, onu tapıb vurulan və ürəkdən bağlanan şairin dünyada bir şüarı var idi: Gözəllik! Bu gözəlliyə heyran kəsilərək doğma ölkəsini – onun dağlarını, düzlərini, çöllərini, göllərini min bir məhəbbətlə, tükənməz sevgi ilə vəsf etdi.
Sevdiyini – Azərbaycan bayrağını göylərə qaldıraraq bütün turan ellərini qucaqlamaq istədi. Durnalardan turan ellərinə salam söyləməyi xahiş etdi.
Qaranlıq gecədə durub dan ulduzunu gözləyən, susmaz duyğuya çevrilib ürəkləri gəzən, solmaz yarpağa dönüb çiçəkləri bəzəyən Cəfər Cabbarlı şeyda bülbül kimi oxuduğu şərqiləri ilə ürəkləri riqqətə gətirdi, yazdığı poetik misralar şirin nəğmələrə dönüb dillər əzbərinə çevrildi.
Vəfalı Səriyyənin, mənəviyyatı tapdalanmış Sevilin, bədbəxt Saranın acı göz yaşları, Aydının zəif iradəsi onu sarsıtsa da, Oqtayın teatra olan sonsuz sevgisi, Almazın, Gülsabahın yeniliyə can atması onu yaşatdı. Gültəkinə, Gülüşə, Sevərə yeni ad verərək milyonlar tərəfindən sevildi. Aslantək ağır həyat sınağından keçərək Züleyxanı, Dilbəri, Gülzarı itirdi, lakin aydın sabahımıza, işıqlı gələcəyimizə olan inamını itirmədi.
Doğma Azərbaycanın daim müstəqil olmasını arzulayan Cəfər Cabbarlı azad bir quşa dönüb yuvasından uçdu, lakin gənc yaşında köksündən yaralanıb torpağa düşdü.
35 illik ömür yolu keçən unudulmaz şair, nasir, dramaturq, tərcüməçi ən nəhayət teatr xadimi Cəfər Cabbarlının bu günlərdə, daha dəqiq desək mart ayının 20-sində 120 yaşı tamam oldu. Təzada baxın: 120 yaşlı gənc. Yaratdığı ədəbi qəhrəmanlar kimi həmişə cavandı Cəfər Cabbarlı. Göylərə baxıram: uzaq üfüqdə bir ulduz parlayır – heç vaxt sönməyəcək dan ulduzu! O ulduz böyük Cəfər Cabbarlının özüdür.

Rəfiqə Qurbanova
Bakı Dövlət Sosial-İqtisadi Kollecinin dil və ədəbiyyat müəllimi

Oxşar xəbərlər