Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir

Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir 2019/2020-ci tədris ilində Bakı Slavyan Universitetinin (BSU) bakalavriat pilləsinin birinci kursuna qəbul olan abituriyentlərin sənəd qəbulu davam edir.
Sənəd qəbulu ali məktəbin rektoru, professor Nurlana Əliyevanın müvafiq əmrinə əsasən təşkil olunan komissiya tərəfindən həyata keçirilir. Komissiyaya tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılov rəhbərlik edir.
Nəsib Cəbrayılov bu il də tələbələrin BSU-ya üstünlük verdiklərini, demək olar ki, bütün ixtisaslar üzrə yerlərin əksəriyyətinin tutulduğunu söyləyib. O bildirib ki, plan üzrə BSU-ya 1110 yer ayrılıb və həmin yerlərin artıq 90 faizi tutulub. Sənəd qəbulu prosesi bu il daha da təkmilləşdirilib, əvvəlki illərdən fərqli olaraq tələbə müqavilələri dərhal verilir.
Komissiya sədri qeyd edib ki, əvvəllər müqavilələr sentyabr, bəzən oktyabr aylarında verildiyindən müəyyən çaşqınlıq yaranırdı. Tələbə öz üzərinə və universitetin üzərinə düşən öhdəliklərdən bixəbər olurdu. İndi isə tələbələr bütün məsələlər barədə əvvəlcədən rəsmi şəkildə məlumat alırlar. Qəbul prosesinin birinci mərhələsi avqustun 27-dək davam edəcək və həmin dövrədək əsas qəbulda iştirak edən tələbələr qeydiyyatdan keçəcəklər. Tələbələrin yarıdan çoxu sənədlərini təqdim edib və əksəriyyəti ilə müqavilə bağlanıb.
BSU-da sənəd qəbulu prosesinin operativ şəkildə həyata keçirildiyini, heç bir problem yaradılmadığını tələbə və valideynlər də qeyd edir.
Suraxanı rayonu 196 nömrəli tam orta məktəbi bitirən və BSU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunan Həcər Qurbanova komissiya üzvləri tərəfindən mehribanlıqla qarşılandığını, sənədlərinin dərhal yoxlanıldığını, heç bir problem yaradılmadığını deyib. Valideyn İlqar Qurbanov da komissiya üzvlərindən razılıq edir.
Tələbə adını yenicə qazanan və ingilis dili tərcüməçiliyi ixtisasını seçən Həmid Məmmədov komissiya üzvlərinin onlara qayğı və diqqətlə yanaşdığını bildirib. Digər valideyn, məcburi köçkün Vüqar Cümşüdov qızının BSU-nu seçdiyini və seçimində yanılmadığını söyləyib. O, universitetdə əsl ziyalı mühiti ilə qarşılaşdığını vurğulayıb və yaradılan şəraitə görə BSU-nun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.
Sənəd qəbulu prosesində komissiya üzvləri ilə yanaşı, beş könüllü tələbə də iştirak edir.

BSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər