ADPU tələbə qəbulunda tarixinin ən yaxşı nəticəsini əldə etdi!

ADPU tələbə qəbulunda tarixinin ən yaxşı nəticəsini əldə etdi! Məlum olduğu kimi, 2018-2019-cu tədris ilində respublikamızın ali təhsil müəssisələrinə tələbə qəbulu prosesi başa çatıb. Belə ki, ali məktəblərə bütün ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları yekunlaşdıqdan sonra iyul ayının 30-dan avqust ayının 14-ə kimi ixtisas seçimi aparılıb. Avqustun 15-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Tələbə adını qazanmış şəxslər avqustun 16-dan avqustun 28-dək sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 16-dan 20-dək İnternet vasitəsilə aparılacaq.
Avqustun 16-dan bütün ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlayıb. ADPU-nun rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetin 8 fakültəsinin - Filologiya, Riyaziyyat və informatika, Tarix və coğrafiya, Kimya və biologiya, İbtidai təhsil, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, Fizika və texnologiya fakültəsinin dekanlarından və əməkdaşlarından ibarət Sənəd Qəbulu Komissiyasının yaradılması barədə müvafiq əmr imzalayıb. Sənəd Qəbulu Komissiyasına ümumi rəhbərliyi Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev həyata keçirir. Sənəd Qəbulu Komissiyasının məsul şəxsi professor İbrahim Bayramovdur. Məlumat üçün bildirək ki, bu il birbaşa ADPU-da 22 ixtisas üzrə 2225 plan yerinə 2193 nəfər qəbul olunub. “Coğrafiya müəllimliyi” ixtisasında rus bölməsində 11 yer, “Fizika müəllimliyi” ixtisasında rus bölməsində 12 yer və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında rus bölməsində 9 yer, cəmi 32 yer boş qalmışdır. Beləliklə, ADPU-da plan yerləri 98,6 faiz dolmuşdur. Keçən il ADPU-da plan yerləri 97.18 % dolmuşdur. ADPU-nun filialları üzrə isə nəticə aşağıdakı kimi olmuşdur:
№ Filialın adı 2018-2019-cu tədris ili üzrə tələbə qəbulunun nəticələri Rəqəmlə Faizlə
1. Şəki 200(rəqəmlə); 100 %(faizlə)
2. Quba 195(rəqəmlə); 100%(faizlə)
3. Ağcabədi 120(rəqəmlə); 100 %(faizlə)
4. Şamaxı 135(rəqəmlə); 100%(faizlə)
5. Cəlilabad 130(rəqəmlə); 100%(faizlə)

Sənəd Qəbulu Komissiyasına universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işləməsi tapşırılıb. Sənəd Qəbulu Komissiyası universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Sənəd Qəbulu Komissiyası ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-a kimi fəaliyyət göstərir. Əlaqə telefonu: (012) 493 00 32. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Həmçinin ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Quba, Şamaxı və Cəlilabad filiallarında yaradılmış Sənəd Qəbulu Komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəlirlər.
Qeyd edək ki, bu il ADPU-da tələbələrin qeydiyyata alınması zamanı bir yenilik də tətbiq edilib. Belə ki, tələbələr arasında sorğu keçirilir. Həmin sorğuda tələbələrin anket göstəriciləri, niyə ADPU-nu seçmələri, ADPU haqqında bilgiləri, hansı ixtisasa qəbul olunmaları, ADPU haqqında haradan məlumat əldə etmələri, universitet haqqında ilk təəssüratları barədə məqamlar öz əksini tapıb.
Məlumat üçün bildiririk ki, plana əsasən ilk tədris ili tələbələri üçün 15 sentyabr tarixində fakültələrdə və filiallarda orientasiya təqdimatlarının təşkil olunması nəzərdə tutulur. Birinci tədris ili tələbələri ilə Bilik Gününün yeni tədris ilinin ilk dərs günü - 17 sentyabrda keçirilməsi planlaşdırılır.
ADPU-nun rəhbərliyi universitetə qəbul olunmuş bütün tələbə-gəncləri, eləcə də onların valideynlərini ürəkdən təbrik edir, gənclərə həyatda və təhsildə yeni-yeni uğurlar arzulayır.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər