Deputat: Prezidentin həyata keçirdiyi islahatların əsasında xalqın rifahının təmin olunması məqsədləri dayanır

Deputat: Prezidentin həyata keçirdiyi islahatların əsasında xalqın rifahının təmin olunması məqsədləri dayanır Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin, islahatların əsasında Azərbaycan xalqının rifahının təmin olunması məqsədləri dayanır. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.
Bunu Tehsil-press.az-a Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, islahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə etdi və dərhal sonra struktural, kadr islahatlarına keçid başladı: "Əslində, bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək, bu islahatların da digər komponentlərlə paralel həyata keçirildiyini görə bilərik. Çünki 2015-ci ildən bəri alınan qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir. Son dəyişikliklər isə kadr islahatlarında yüksək idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqət çəkir".
H.Babaoğlu əlavə edib ki, qısa müddətdə Baş nazirin dəyişməsi, Baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni müavin vəzifəsinə təyinatın olması kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir:
"Ancaq bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir. Çünki böyüyən iqtisadiyyatı idarə etmək və onun inkişafını təmin etmək qlobal iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır. İslahatların ən ümdə vəzifələrindən biri də əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin daha da aşağı səviyyəyə salınması, sosial islahatların dərinləşməsi məqsədini daşıyır.
Bütün bunlar isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin də, islahatların da əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayanmasını göstərir".

Tehsil-press.az


Oxşar xəbərlər