Növbəti məktəb seminarları Xəzər və Pirallahı rayonlarını əhatə edib

Növbəti məktəb seminarları Xəzər və Pirallahı rayonlarını əhatə edib Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xəzər və Pirallahı rayonlarının ümumtəhsil müəssisələrini əhatə edib.
“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev ümumtəhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun daha da artırılması, tədrisin təşkili, layihələrin icrası, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili məsələlərindən danışıb.
Rəşad Tağıyev, həmçinin 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Digər sessiyalarda məktəblərin keyfiyyət göstəriciləri, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının idarə olunması, ümumtəhsil müəssisələrində məktəbdaxili metodiki işə nəzarət, təlim-tərbiyə prosesinin təşkili, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumtəhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etməkdir. Həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.
Sessiyalarda BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər