Ceyhun Məmmədov: Alimlərimiz sanballı əsərləri ilə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstəriblər

Ceyhun Məmmədov: Alimlərimiz sanballı əsərləri ilə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstəriblər Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır.
Bu fikirləri “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda Bakıda keçirilən konfransda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxış edərkən deyib.
O qeyd edib ki, indiyədək bəşər tarixində əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətlərin elmə və elm adamlarına münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların həmişəlik yaddaşlarda yaşayacağını təmin edən başlıca amillərdən birinə çevrilib. Bu baxımdan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməyib, milli elmimizin qüdrətli hamisi kimi çıxış edib.
Rektor vurğulayıb ki, son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması, elmi fəaliyyətin stimullaşdırılması sahələrində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Elmi fəaliyyətin təşkili, idarə edilməsi, inkişafı, innovasiya fəaliyyətinin dəstəklənməsi və nailiyyətlərin stimullaşdırılması sahələrində xeyli irəliləyiş və yeniliklər olub.
“İslamşünaslıq və dinşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrimizə “Qurani-Kərim”, Siyər, Əqaid, Təfsir, Hədis, Fiqh, Kəlam, Təsəvvüf kimi İslam elmləri ilə yanaşı, digər səmavi dinlər, bir sıra xarici dillər, o cümlədən ayrı-ayrı dünyəvi fənlər tədris olunur. Bu cür konfrans, simpozium, seminar, dəyirmi masa və debatların təşkilinin tələbələrimizin gələcəkdə peşəkar din xadimi, dövlət qulluqçusu, müəllim və tədqiqatçı-alim kimi yetişməsinə, İslam dünyasının işıqlı simalarına çevrilməsinə böyük töhfə verəcəyinə inanıram", - deyə Ceyhun Məmmədov qeyd edib. O bildirib ki, Azərbaycan hələ qədim dövrlərdən böyük alimlərin vətəni olub. Şeyx Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani kimi Yaxın Şərqin tanınmış alimlərinin fəaliyyəti ilə başlayan elmi inkişaf XX əsrdə özünün ən yüksək zirvəsinə çatıb. Əsrlərboyu alimlərimiz elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstəriblər.

Tehsil-press.az

Oxşar xəbərlər