Bakı Dövlət Universitetində Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb

Bakı Dövlət Universitetində Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb Bakı Dövlət Universitetində Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb.
Universitetin rektoru Elçin Babayev, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadaya qatılan 150-yə yaxın IX-X sinif şagirdlərini salamlayaraq öz bilik və bacarıqlarını nümayiş etdirmək istiqamətində onlara uğurlar arzulayıblar.
Çıxışlarda qeyd olunub ki, Məktəblilərarası Astronomiya Olimpiadasının əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətdə bu sahənin daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Abdullah Bazarov olimpiadanın şərtləri, təqdim edilən suallar barədə məlumat verdikdən sonra “Kainatın yaradılması və təkamülü: zamana səyahət” adlı elmi-kütləvi film nümayiş olunub.
Qeyd edək ki, Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə baş tutan Məktəblilərarası Astronomiya Olimpiadası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.
Olimpiadanın qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər