Azərbaycan-Rusiya elmi əlaqələri genişlənir

Azərbaycan-Rusiya elmi əlaqələri genişlənir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyası (REA) Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, REA-nın müxbir üzvü Vadim Polonskinin dəvəti ilə həmin institutun elmi şurasının iclasında elmi məruzə ilə çıxış edib.
Əvvəlcə Vadim Polonski akademik İsa Həbibbəylinin zəngin və çoxcəhətli elmi fəaliyyəti barədə elmi şura üzvlərinə məlumat verib.
İclasda “Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər” mövzusunda məruzə edən İsa Həbibbəyli Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişaf mərhələləri və əsas istiqamətlərindən, əldə edilmiş mühüm elmi nəticələr və qarşıda duran vəzifələrdən bəhs edib.
Məruzə ətrafındakı müzakirələrdə akademik Aleksandr Kudelin, filologiya elmləri doktorları, professorlar Kazbek Sultanov, Andrey Kofman, Abuzər Bağırov və Salidə Şərifova, filologiya elmləri namizədi Lyubov Turbina çıxış ediblər. Elmi məruzənin Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun “Elmi əsərlər” jurnalında çap edilməsi tövsiyə olunub.
Bundan başqa, Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ilə keçirilmiş görüşdə iki elm müəssisəsi arasında birgə əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun "Elmi əsərlər" jurnallarının hər iki ölkənin ədəbiyyatlarına həsr olunan xüsusi buraxılışının hazırlanıb çap edilməsi qərara alınıb.
Dünya Ədəbiyyatı İnstitutuna üzərində AMEA-nın emblemi həkk olunmuş Azərbaycan xalçası hədiyyə edilib. Həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna görkəmli rus rəssamı S.Kutuzovun çəkdiyi rəsm əsəri bağışlanıb.
Akademik İsa Həbibbəyli, həmçinin REA-nın ictimai elmlər üzrə vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb. Görüş zamanı AMEA və REA-nın 2020-ci ildə Xəzəryanı ölkələrin elmlər akademiyaları ilə birgə keçirilməsi planlaşdırılan "Xəzər dialoqu" beynəlxalq forumunun təşkili məsələləri müzakirə edilib.
Müzakirələrdə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Vətəndaş-hüquqi intizamlar kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rəşad Qurbanov da iştirak edib.
Qeyd edək ki, Moskvada "Bədii ədəbiyyat" nəşriyyatında akademik İsa Həbibbəylinin rus dilində 415 səhifədən ibarət "Ədəbiyyat, zaman və müasirlik" kitabı çapdan çıxıb.

Tehsil-press.az

Oxşar xəbərlər