Azərbaycan Dövlət Pedaqoji Kollecinin 100 illiyi qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 100 illiyi qeyd olunub Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən ADPK-nın direktoru, dosent İsrayıl İsgəndərov rəhbərlik etdiyi təhsil ocaginin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, kollec “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə çatmaq, peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaq məqsədilə yerli və beynəlxalq proqramlara qoşulmaqla beynəlxalq seminar və konfranslar təşkil edib. Həmçiinn Türkiyənin “Bilkent” Universiteti ilə əməkdaşlığa başlayıb, “Milli Kvalifikasiya Çərçivəsinə Dəstək” layihəsində orta ixtisas təhsili müəssisəsi olaraq pilot layihəyə qoşulub və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Birinci buraxılışda cəmi 9, ikinci buraxılışda 24, üçünçü buraxılışda 28, dördüncü buraxılışda 56 məzunu olan bu təhsil ocağı hər il 800-850 nəfər olmaqla müxtəlif ixtisaslar üzrə məzun yetişdirir. Hazırda kollecdə 7 ixtisas üzrə 4800-ə yaxın tələbə subbakalavr dərəcəsi üzrə təhsil alır. Bu tələbələrin təhsili ilə 270 müəllim, 135 inzibati və tədris-köməkçi heyəti məşğul olur.
Qeyd edilib ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci milli-mənəvi dəyərlərə, dövlətə və dövlətçiliyə xidmət edən, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunan, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək ixtisas bacarığına malik kadrlar hazırlamaq işini ən ümdə məqsəd və vəzifəsi bilir. Bu vəzifəni yerinə yetirmək üçün kollecin kollektivi öz fəaliyyətini Təhsil Nazirliyinin son zamanlar təhsilin inkişafında yeritdiyi siyasətə uyğun olaraq qurur, təhsilin idarə edilməsində şəffaflıq, bilik və bacarıqlara uyğun dəyərləndirmə, vətənpərvər, milli-mənəvi dəyərlərə malik kadrların yetişdirilməsinə töhfə verir.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva kollecin fəaliyyətini yüksək qiymətləndirib. ADPK-nın keçdiyi tarixi yola nəzər salan nazir müavini qeyd edib ki, 1919-cu ilin sentyabrında Azərbaycan Dövlət Pedaqoji Kollecinin bilavasitə sələfi olan Bakı Darülmüəllim (Kişi Müəllimlər Seminariyası) açılıb. Kollec 100 il ərzində müxtəlif adlar altında fəaliyyət göstərsə də, öz ilkin missiyası olan xalqının maariflənməsi istiqamətində əvəzedilməz işlər aparıb, on minlərlə layiqli kadrlar yetişdirib. Kollec bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək pedaqoji kadr hazırlığını davam etdirir.
ADPU-nun rektoru Cəfər Cəfərov kollecin kollektivini təbrik edib, onların fəaliyyətinə uğurlar arzulayib. ADPK-nın bacarıqlı müəllim heyəti ilə təmin olunduğunu deyn rektor bu təhsil müəssisəsinin peşəkar müəllim kadrlarının hazırlanmasında rolunu vurğulayıb.
Sonra bir qrup əməkdaşa diplom və fəxri fərman təqdim olunub.
Tədbir bədii proqramla davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər