Şərqşünaslıq İnstitutu Məhəmməd İbn Səud Universiteti ilə elmi əlaqələr yaradır

Şərqşünaslıq İnstitutu Məhəmməd İbn Səud Universiteti ilə elmi əlaqələr yaradır Səudiyyə Ərəbistanının Məhəmməd İbn Səud Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmməd Uteybi dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
M.Uteybi əvvəlcə bu elm müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Gövhər Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. O, Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.
M.Uteybi təmsil etdiyi universitet barədə məlumat verib, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onda maraq doğurduğunu bildirib.
Görüşdə müəssisələr arasında elmi əlaqələrin yaradılmasına dair ilkin razılıq əldə edilib və qarşılıqlı razılaşma sənədinin hazırlanmasına qərar verilib.
Daha sonra M.Uteybi Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. M.Uteybi çalışdığı Məhəmməd İbn Səud Universiteti barədə məlumat verdikdən sonra institutun alimlərindən Laura Orucova, Mahir Həmidov, Əmmar Abbasov, Elnur Mustafayev və başqaları səudiyyəli qonağa öz elmi yaradıcılıqları barədə danışıblar.
Sonda M.Uteybi şərqşünasları maraqlandıran sualları cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər