
Koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.
Koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.
***
“Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb”.
Bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.
Tehsil-press.az