Azərbaycan Ordusu - müstəqilliyimizin, dövlətçiliyimizin qarantı

Azərbaycan Ordusu - müstəqilliyimizin, dövlətçiliyimizin qarantı Azərbaycan Milli Ordusunun yaradılmasından 102 il ötür. 1918-ci il 28 may tarixində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görməyə nail oldu. Belə ki, Milli Şura tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı və özünün silahlı qüvvələrini yaratmalıdır.
Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə müstəqil ordu quruculuğunun ilkin mərhələsi sayılan və 5 min nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan Korpusu” yaradıldı. Bu qərar müsəlman Şərqində ilk demokratik dövlətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.
Bundan sonra iyulun 11-də hökumətin fərmanı ilə ölkədə hərbi səfərbərlik elan edildi. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğal olunması ilə, Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edildi.
Müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Azərbaycan yenidən öz müstəqilliyini bərpa edildiikdən sonra 1991-ci il 5 sentyabr tarixində Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə növbəti 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
Lakin müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Ordu həm struktur, həm də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermirdi. Vahid komandanlığın olmaması səbəbindən silahlı dəstələr müxtəlif şəxslərin əmrlərini yerinə yetirirdi. Digər tərəfdən, Ermənistanın ərazi iddiaları və xarici müdaxilə ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Bunun nəticəsində ölkəmiz vətəndaş qarşıdurması, hakimiyət çevrilişi təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.
Belə bir mürəkəb dövrdə ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi parçalanmadan xilas etdi, baş verəcək vətəndaş müharibəsinin qarşısını aldı. Tezliklə ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi başladı. Qısa zaman ərzində həyata keçirilən ordunun yenidən formalaşdırılması geniş vüsət aldı. 1994-cü il 12 may tarixində atəşkəs barədə sazişin imzalanması Silahlı Qüvvələrimizdə daha genişmiqyaslı islahatların aparılması üçün əlverişli zəmin yaratdı. Ordunun mənəvi-psixoloji hazırlığı, eləcə də döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərlik işləri gücləndirilməyə başlanıldı.
Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim ulu öndərin diqqət mərkəzində idi. Bu məqsədlə Heydər Əliyevin 24 noyabr 1997-ci il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi lisey yaradıldı. Sonrakı dövrlərdə hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Həmçinin ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
Respublikamız müstəqillik əldə etdikdən sonra C.Naxçıvanski adına hərbi liseyin məzunları ordumuzun yaranması, ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Liseyin 100-dən artıq məzunu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ən müasir silah və döyüş texnikaları ilə təmin edilən Silahlı Qüvvələrimizi peşəkar zabit kadrları ilə komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərdə tədris proqramları yenilənib, zənginləşib ki, bu da zabit kadrların hazırlığının NATO standartlarına uyğunluğunu təmin edir.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə əsaslı islahatlar aparılır, ordumuz yeni silah və texnikalarla təchiz edilir. Hərbi təminatı yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah növləri istehsal edilir. “İstiqlal” snayper tüfəngi buna ən gözəl nümunədir.
Bu gün Milli Ordumuz müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır. Bütün bunlar bizə fəxrlə deməyə imkan verir ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusudur. Ali Baş Komandan İlham Əliyev deyir: “Ordu quruculuğu vətənə sevgidir, dövlətə, dövlətçiliyə sədaqətdir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər Silahlı Qüvvələrimizi yeni inkişaf mərhələsinə yüksəltməklə yanaşı, həm də dövlət-xalq-ordu birliyini daha da möhkəmləndirir. Hərbi qulluqçuların xidməti və yaşayışı üçün hərtərəfli şərait yaradılır, infrastruktur yenilənir, maddi-texniki təminat gücləndirilir.
Azərbaycanda ordu quruculuğu prosesinin uğurla getməsi bizim üçün prioritet məsələdir. Aparılan islahatlar öz bəhrəsini verir - ordumuz daha da inkişaf edərək güclənir, ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminatı yaxşılaşır.
2016-cı ildə baş vermiş və tarixə şanlı Aprel döyüşləri kimi düşən döyüşlər ordumuzun döyüş qabiliyyətini və hazırlıq səviyyəsini əyani formada sübut etmiş oldu. Azərbaycanın ön cəbhə xəttində yerləşən mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına cavab olaraq ordumuzun bölmələrinin əks-həmləsi Azərbaycan ordusunun tam qələbəsi ilə nəticələndi. Bu tarixi qələbə nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yerləşən bəzi mövqelər düşməndən azad olundu. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Bu qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Bu gün Azərbaycanda ordu quruculuğu prosesi davam etdirilir, ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Aydın Tağıyev
Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzinin sektor müdiri

Oxşar xəbərlər