Rusiya Gömrük Akademiyasında və filiallarında Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir

Rusiya Gömrük Akademiyasında və filiallarında Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir 2020/2021-ci tədris ili üçün Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyasında və onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarında “Gömrük işi” ixtisası üzrə tələbə qəbulu elan edilir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyası və onun Rostov filialının hər birində 1 nəfər, Sankt-Peterburq filialında isə 2 nəfər olmaqla, “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 9-dan 15-dək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. Cari ildə orta məktəbi bitirən məzunlar 2020/2021-ci tədris ili üçün təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” forması (varsa), əks təqdirdə bitirdiyi məktəbdən illik qiymətləri göstərilən arayış;
3. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;
4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);
5. Əlaqə məlumatları.
Müsabiqədə iştirak etmək hüququna 2020-ci ildə orta məktəbin rus bölməsini bitirən, 2020-ci il iyulun 10-dək 19 yaşı tamam olmayan, attestatında riyaziyyat, ümumi tarix, rus dili və xarici dil fənləri üzrə yekun illik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 16-da onlayn müsahibə keçiriləcək.
Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Ərizə qəbulunda iştirak edən və onlayn müsahibədən uğurla keçən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün qeyd olunan akademiyaya təqdim olunacaq.
Rusiya Gömrük Akademiyası tərəfindən abituriyentlər üçün ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə distant formada imtahan keçiriləcək.
Abituriyentlər onları maraqlandıran əlavə məlumatları (+994 12) 404 22 00 (daxili 3302) telefonu və ya +994 50 216 17 99 mobil telefonu vasitəsilə, eləcə də DİM-in saytında yerləşdirilən linklərdən əldə edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər