Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının növbəti onlayn iclası keçirilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının növbəti onlayn iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsin Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikasının mövcud elmi-texniki potensialının xalqımızın milli sərvəti kimi qorunması və möhkəmləndirilməsi, eləcə də fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə, təhlükəsizliyinin təmin edilməsinə, qeyri-neft sektorunun inkişafına, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi problemlərinin həllinə uyğun olaraq müəyyənləşdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Rəyasət Heyətinin 2020-ci il 16 iyul tarixli iclasında verilmiş bəzi tapşırıqlar və tövsiyələr haqqında məlumat verən Rasim Əliquliyev AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin AMEA alimlərinin, ziyalılarımızın, həmçinin gənc alim və mütəxəssislərin ölkəmizdə və dünyada diqqət mərkəzində olan COVID-19 virusu ilə mübarizə məsələlərinə, eləcə də Prezident İlham Əliyevin apardığı məqsədyönlü, uğurlu siyasətin işığında gedən ictimai-siyasi proseslərə daim fəal münasibət bildirmələrini, cəmiyyətin bu istiqamətdə obyektiv məlumatlandırılması və maarifləndirilməsi işlərində yaxından iştirak etmələri barədə müvafiq tövsiyələrini diqqətə çatdırıb.
Elmi şuranın sədri, akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin 2020-ci il iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışına istinad edərək vurğulayıb ki, dövlət başçısı öz nitqində ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe haqlı olaraq ictimaiyyətin diqqətini cəlb edib. Prezidentin qeyd etdiyi kimi, “son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”.
Alim vurğulayıb ki, dövlət başçısının bu tarixi çıxışı ətrafında AMEA Rəyasət Heyətinin 2020-ci il iyulun 16-da keçirilən iclasında ətraflı müzakirə aparılıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev xüsusilə vurğulayıb: “Prezidentin nitqində ölkəmiz qarşısında dayanan təhdidlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şəkildə öz əksini tapıb. Ölkəmizin taleyinə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Prezidentin verdiyi siyasi istiqaməti qavramağa çalışmalıdır”.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov çıxışında qeyd edib ki, rəhbəri olduğu elmi müəssisənin kollektivi Tovuz rayonu ilə sərhəddə Ermənistan ordusunun təxribatının Ali Baş Komandanın çevik və düzgün qərarları ilə silahlı qüvvələrimiz tərəfindən dərhal qarşısının alınmasını yüksək qiymətləndirir. Bununla yanaşı, hər zaman Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir. Alim dövlətimizin başçısına Azərbaycan elminə, alimlərimizin rifahının yaxşılaşdırılması məqsədilə göstərdiyi qayğıya görə minnətdarlığını bildirib.
Akademik Telman Əliyev qeyd edib ki, dünya ictimaiyyəti hər zaman Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini pisləyir. Alim, həmçinin gənclərimizin yüksək vətənpərvərlik ruhu nümayiş etdirdiklərini də təqdirəlayiq hesab edib.
AMEA-nın müxbir üzvü Afiq Həsənov ziyalılarımızı ölkədə gedən ictimai-siyasi proseslərə, ölkə başçısının qarşıya qoyduğu tələb və tapşırıqlara daha həssas yanaşmağa səsləyib, həmçinin Müdafiə Sənayesi Nazirliyi ilə birgə əməkdaşlıq münasibətlərinin geniş müzakirə olunması məqsədilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsin Elmi şurasının xüsusi iclasının keçirilməsi barədə təklifini irəli sürüb.
Akademik Adil Qəribov Rəyasət Heyətinin iyulun 16-da keçirilən iclasında müzakirə olunan məsələlər, o cümlədən son günlərdə ölkənin ictimai-siyasi həyatında müşahidə edilən proseslər barədə öz münasibətini bildirərək, alimlərimizi televiziya və digər mətbu orqanların vasitəsilə fəal şəkildə cəmiyyətimizi maarifləndirməyə səsləyib. Alim, həmçinin Prezident İlham Əliyevin ötən gün su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirə barəsində də öz fikirlərini səsləndirib, Prezidentin irəli sürdüyü fikirləri, haqlı iradlarını birmənalı şəkildə qəbul etdiyini bildirib.
Akademik Nazim Məmmədov çıxışında diqqətə çatdırıb: “Fizika İnstitutunun kollektivinin hər bir üzvü sərhədlərimizin qorunması, eləcə də topraqlarımızın erməni işğalından azad edilməsi naminə hər zaman ordumuzun və onun Ali Baş Komandanı Prezident İlham Əliyevin yanındadır”. Alim, eyni zamanda, iclas iştirakçılarına bildirib ki, İspaniyadan, İsveçrədən və digər Avropa ölkələrindən olan alim həmkarları Ermənistanın Tovuz rayonu ilə sərhəddə apardığı təxribatı pisləyir və bir ziyalı kimi Azərbaycanın ərazi bütövlüyünü, onun toxunulmazlığını tanıdıqlarını bildiriblər.
Akademik Arif Həşimov Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, ölkəmizdə ordu quruculuğu, COVID-19 ilə mübarizə və obyektiv olaraq yaranmış digər problemlərin aradan qaldırılması ilə bağlı məsələlərin həlli istiqamətində nümayiş etdirilən məqsədyönlü siyasəti yüksək qiymətləndirib və belə məsələlərdə ziyalılarımızın üzərinə böyük məsuliyyətin düşdüyünü iclas iştirakçılarına çatdırıb.
AMEA-nın Biofizika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Oktay Qasımov iclas iştirakçılarının diqqətini son günlərdə ABŞ-ın Los-Anceles şəhərində erməniəsilli təxribatçıların orada yaşayan həmvətənlərimizə qarşı göstərdiyi zorakılıq əməllərinə cəlb edib. Vurğulayıb ki, düşmənin həmvətənlərimizə qarşı mənfur əməlləri qanunla cəzalandırılmalıdır. Alim, həmçinin COVID-19 virusu ilə mübarizə məqsədilə rəhbərlik etdiyi elmi müəssisənin alimlərinin apardıqları tədqiqatlardan danışaraq qeyd edib ki, mütəxəssislərimizin əldə etdikləri mühüm nəticələr artıq TƏBİB-in rəsmi müalicə protokoluna daxil edilib.
Daha sonra çıxış edən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti pisləyib. Qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə baş verən erməni təxribatına qısa zaman ərzində ölkəmizin başçısı tərəfindən göstərilən operativ, layiqli münasibət ölkəmiz, eləcə də dünya ictimaiyyəti, xüsusilə alim və ziyalılar tərəfindən rəğbətlə qarşılanır və birmənalı şəkildə dəstəklənir.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsin Elmi şurasının üzvləri bir daha əminliklə vurğulayıblar ki, alimlərimiz həmişə olduğu kimi Prezidentin ətrafında sıx birləşməyi və onun rəhbər tutduğu dövlətçilik prinsiplərini daim dəstəkləməyi vacib hesab edirlər. Qeyd olunub ki, AMEA-nın elmi kollektivləri və alimləri ölkə rəhbərinin tarixi nitqində qarşıya qoyduğu vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin 2020-ci ilin büdcəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan elmi-tədqiqat proqramlarının müzakirəsinə həsr olunub. Bu barədə elmi-tədqiqat müəssisələrinin rəhbərləri onlayn iclasın iştirakçılarına müfəssəl məlumat veriblər. Elmi şuranın üzvləri təqdim olunan elmi tədqiqat layihələrini yekdilliklə dəstəkləyərək AMEA Rəyasət Heyətinə təqdim olunması barədə qərar qəbul ediblər.
Elmi-təşkilati məsələlərin müzakirəsi zamanı Elmi şuranın üzvləri dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi üçün AMEA və ölkə rəhbərliyi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul ediblər.
Həmçinin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində mühüm xidmətləri olan AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 50 illik yubileyinin, eləcə də 2021-ci ildə Avropa Komissiyasının dəstəyi ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün e-infrastrukturlar” və NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusuna həsr olunan beynəlxalq konfransların keçirilməsi və dəstək verilməsi haqqında qərarlar qəbul ediblər.
Müzakirə olunan məsələlər arasında AMEA-nın müxbir üzvü Kamil Aydazadənin, professorlar Kamil Mənsimovun və Knyaz Məmmədovun, eləcə də texnika elmləri doktoru Qəmbər Quluyevin 70, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun 65 illik yubileylərinin keçirilməsi, həmçinin fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun təltif edilməsi də yer alıb.
Daha sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəxri fərmanının layihəsi Elmi şura üzvlərinin diqqətinə çatdırılıb. Layihə şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Onlayn iclasda, həmçinin bir sıra kadr məsələləri də müzakirə olunub. Qəbul edilən qərarlara əsasən, texnika elmləri doktoru Qəmbər Quluyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini vəzifəsinə, Biofizika İnstitutunun təklif etdiyi namizədlər – biologiya üzrə elmlər doktorları Kərim Qasımov və Tokay Hüseynov müvafiq laboratoriyaların müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rasim Aslanov, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Dadaşov aparıcı elmi işçi vəzifələrinə təsdiq olunublar.
Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə edilib, suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər