Paytaxt məktəblilərindən Azərbaycan Ordusuna dəstək aksiyaları

Paytaxt məktəblilərindən Azərbaycan Ordusuna dəstək aksiyaları Paytaxt məktəblilərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilir. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən dəstək aksiyalarının əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərin davamlı təşkilinə nail olmaq, döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etməkdən ibarətdir.
Qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri evdə çəkdikləri videoçarx və fotogörüntülərdən ibarət təqdimatlarda qəhrəman Azərbaycan Ordusuna dəstəklərini və Vətənə məhəbbətlərini nümayiş etdirirlər.
Videoçarx və fotogörüntülərdə məktəblilər “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Biz birlikdə güclüyük!”, “Azərbaycanın güclü ordusu var!” və digər bu kimi fikirləri ifadə edirlər.
Videogörüntülərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi şagirdlər tərəfindən yad edilir. Həmçinin məktəblilər Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə fikirlərini bildirirlər.
Qeyd edək ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında Azərbaycan Ordusunun göstərdiyi şücaət şagirdlərdə böyük ruh yüksəkliyi yaradıb. Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına inandıqlarını bildirirlər.
Videogörüntülərdə, həmçinin şagirdlər tərəfindən Tovuz döyüşlərində əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs edilir, vətənpərvərlik mövzusuna həsr edilmiş şeirlər və mahnılar da səsləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər