Mehriban Əliyeva üçün özəl gün

Mehriban Əliyeva üçün özəl gün Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.

Tehsil-press.az

Oxşar xəbərlər