Azərbaycanda 8 regional poliqon tikiləcək

Azərbaycanda 8 regional poliqon tikiləcək Azərbaycanda bərk məişət tullantılarının idarə olunması ilə bağlı 8 regional poliqon tikiləcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib. Onun sözlərinə görə, hazırda Bakıda məişət tullantılarının idarə olunması ilə bağlı problem demək olar ki, aradan qaldırılıb. Lakin Bakıdan kənarda, regionlarda bu problem hələ də qalmaqdadır:
“Paytaxtda tullantıların yandırılması, çeşidlənməsi üçün müasir zavod inşa edilib, poliqon yenidən qurulub. Təəssüf ki, regionlarda bu problem hələ də qalır. Zibillərin ayrılmamış yerlərdə yığılması, vaxtında daşınmaması, ətraf əraziləri çirkləndirməsi məsələləri hələ də var. Bələdiyyələr tərəfindən cərimələrlə bu problemi həll edib tam aradan qaldırmaq olmaz. Bərk məişət tullantılarının idarə olunması üzrə ölkə prezidenti tərəfindən strategiya imzalanıb. Bu strategiyada 8 regional poliqonun tikintisi, ötürücü məntəqələrin qurulması və s. nəzərdə tutulub. Hissə-hissə, mərhələli şəkildə bu məsələlərin icrası həyata keçirilir”.
R. Səttarzadə, həmçinin qeyd edib ki, hər bir ərazidə zibillərin idarə olunmasını yerli özünüidarəetmə orqanları həyata keçirməlidir. Bu orqanlar tərəfindən əhalidən həmin işlərin görülməsi üçün müəyyən ödənişlər toplanır: “Əhali on dəfə ETSN-ə müraciət edəndə bir dəfə də yerli idarəetmə orqanına müraciət etsin. Çünki həmin vəziyyətin yaranmasına cavabdeh olan subyekt bu qurumdur. Biz də problemi nəzarətdə saxlayırıq. Fiziki və hüquqi şəxslərə təbiətə vurulan ziyana görə cərimələr hesablanır”, - deyə şöbə müdiri qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər