Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (dissertanturaya) ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan və elmlər doktoru proqramı üzrə dissertanturaya (uyğun ixtisas üzrə elmlər namizədləri və fəlsəfə doktorları elmi dərəcəsi olan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya (dissertanturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
-Ərizə (ali təhsil müəssisəsinin rektorunun adına yazılır);
-Kadrların şəxsi qeydiyyat vərəqəsi;
-Tərcümeyi-hal;
-Üç ədəd fotoşəkil (3x4 sm ölçüdə);
-İş yerindən xasiyyətnamə;
-İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
-Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat.
-Ali təhsil müəssisəsini bitirmək və elmi dərəcə olması haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və diploma əlavə (qiymət cədvəlindən çıxarış);
-Şəxsiyyəti təsdiq edən sənədin surəti.
Diplomun əsli, şəxsiyyət vəsiqəsi və hərbi bilet (çağırışçı vəsiqəsi) şəxsən təqdim edilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq iddiasında olanlar xarici dildən (rus dili istisna olmaqla), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsinin tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər.
Dissertanturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla) və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsinin tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər.
Sənədlər sentyabrın 3-dən 25-dək ADNSU-nun əsas binasında (Azadlıq prospekti, 34) 248-ci otaqda, həftənin I-VI günləri saat 9–dan saat 18-ə kimi qəbul edilir. Sənədlərini təqdim etmiş iddiaçıların siyahısı “Xarici dil” imtahanı vermək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sentyabrın 30-dək təqdim ediləcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək.
Qəbul imtahanları oktyabrın 5-dən noyabrın 6-dək keçiriləcək.
Qəbul qaydaları haqqında ətraflı məlumat almaq istəyənlər ADNSU-nun Doktorantura şöbəsinə (Azadlıq prospekti, 34, 2-ci mərtəbə, otaq 248, telefon: (012) 493-46-24) müraciət edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər