Avstriya pandemiya dövründə sərhədləri açıq saxlaya bilmək üçün qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirəcək

Avstriya pandemiya dövründə sərhədləri açıq saxlaya bilmək üçün qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirəcək Avstriya qonşu Slovakiya və Çexiya ilə pandemiya dövründə sərhədlərin açıq saxlana bilməsi üçün əməkdaşlığı dərinləşdirəcək. Hazırda hər üç ölkədə koronavirusa yoluxma halları sürətlə artsa da, bu ölkələr arasında sərbəst gəliş-gedişin təmin edilməsi üçün səylər gücləndiriləcək.
Bu fikirlər sentyabrın 9-da Vyanada Avstriya, Çexiya və Slovakiya hökumət rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirilib. Slovakiyanın Baş Naziri İqor Matoviç sərhədlərin açıq qalmasının vacibliyini vurğulayaraq bildirib ki, əgər ikinci infeksiya dalğası sərhədlərin bağlanmasını labüd edərsə, hər üç ölkənin hökuməti bu addımı öncədən koordinasiya edəcək. Bu kimi xəbərlərin rəsmi dairələrdən əvvəl mətbuat vasitəsilə yayılması əhalidə çaşqınlıq və sərhədlərdə xaosa səbəb olur və gələcəkdə bu hallara mümkün qədər yol verilməməlidir.
Avstriyanın Federal Kansleri Sebastian Kurts isə səyahət sərbəstliyi ilə bağlı koordinasiyalı və təkmil əməkdaşlığa tərəfdar olduğunu bildirib. O həmçinin qeyd edib ki, ölkəsi ümumavropa müstəvisində koordinasiyalı fəaliyyətin təşkilini tələb edir, çünki bir sıra ölkələrdə yoluxma halları dramatik şəkildə artmaqdadır və yenidən lokdaun təhlükəsi yarana bilər.
Çexiyanın Baş Naziri Andrey Babiş isə səyahət azadlığının məhdudlaşdırılmasının fəsadlarına toxunub və sərbəst hərəkətin qüvvədə saxlanmasına tərəfdar olub. O qeyd edib ki, sərbəst hərəkətin məhdudlaşdırılması ölkələr arasında əlaqələrə və iqtisadiyyat üçün ağır zərbədir.
Hökumət rəhbərləri yoluxma hallarının səviyyəsini əks etdirən və bütün Avropanı əhatə edən işıqfor sisteminin tətbiq olunmasını vacib hesab ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər